Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun “K-13 Komandası” adlı yeni silahlı dəstə formalaşdırdığı iddia olunur. Dəstənin tərkibi və üzvlərinin kimliyi diqqət çəkib.
Editor.az xəbər verir ki, bu barədə “Verstka” Teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, dəstədə 18 silahlı şəxs yer alır. Onların böyük hissəsinin Kadırov ailəsinə yaxın şəxslərdən, eləcə də Çeçenistanın yüksəkvəzifəli məmurlarının və güc strukturlarının rəhbərlərinin övladlarından ibarət olduğu bildirilir. Dəstənin üzvləri arasında Çeçenistanın baş nazirinin oğlu, nüfuzlu şəxslərin qardaşı oğulları, həmçinin Ramzan Kadırovun və həyat yoldaşının qohumlarının olduğu iddia edilir.
“Verstka”nın yaydığı məlumatda dəstənin formalaşdırılması zamanı ailə və qohumluq əlaqələrinin mühüm rol oynadığına diqqət çəkilir. Bildirilir ki, “K-13 Komandası”nın üzvləri istənilən vaxt və istənilən yerdə verilən əmrləri yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər.
Bununla belə, yeni dəstənin hansı məqsədlə yaradıldığı, konkret hansı tapşırıqları yerinə yetirəcəyi və fəaliyyətinin hansı istiqamətləri əhatə edəcəyi barədə hələlik ətraflı məlumat yoxdur.

