Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauellin ötən həftə İsrailə gizli səfər etdiyi məlum olub.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, səfərin əsas məqsədi Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun bağlanmasının qarşısını almaq olub.
İsrail Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun oktyabrın 8-dək bağlanmasını tələb edib. Bu qərar Londonun işğal olunmuş İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən gətirilən mallara qarşı sanksiyalar tətbiq etməsindən sonra gündəmə gəlib.
Şərqi Qüdsdə yerləşən konsulluq Britaniyanın Fələstin ərazilərindəki diplomatik və konsulluq fəaliyyətində mühüm rol oynayır. Konsulluq həm Qüds, həm İordan çayının qərb sahili, həm də Qəzza ilə bağlı məsələlərdə Britaniyanın əsas diplomatik strukturlarından biridir.
Britaniya hökuməti İsrailin yaşayış məntəqələrinin genişləndirilməsi və məskunlaşanların zorakılığı ilə bağlı narahatlığını ifadə edib. İsrail tərəfi isə Britaniyanın tətbiq etdiyi sanksiyaları kəskin tənqid edib.
Hadisə Londonla Qüds arasında diplomatik münasibətlərdə son dövrdə artan fikir ayrılıqlarının daha bir göstəricisi kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az

