Əfqanıstan və Pakistan arasında sərhədyanı toqquşmaların artdığı bir vaxtda Rusiya tərəfləri dialoqa çağırıb. Moskvada keçirilən yüksək səviyyəli görüşdə Taliban nümayəndələri ilə yanaşı Çin, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələrinin təmsilçiləri iştirak edib.
Editor.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Moskva Taliban hakimiyyəti ilə münasibətlərini son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdirib və 2025-ci ildə Taliban hökumətini tanıyıb.
Görüşün əsas mövzularından biri Əfqanıstan-Pakistan münasibətlərinin kəskinləşməsi olub. Pakistan Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların ölkəsinə hücumlarda iştirak etdiyini bildirir.
Taliban isə Pakistanın Əfqanıstan ərazisinə hava zərbələrini tənqid edir.
Rusiya Əfqanıstan və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb. Moskvanın fikrincə, regionda sabitliyin qorunması üçün tərəflər arasında birbaşa siyasi dialoqun davam etdirilməsi vacibdir.
Görüşdə Çin, İran, Hindistan və Mərkəzi Asiya dövlətlərinin də iştirakı Əfqanıstan məsələsinin regional təhlükəsizlik üçün əhəmiyyətini göstərir.
//Samir Qurbanov, Editor.az

