Oktyabrın 9-da Azərbaycanda hava şəraitinin dəyişəcəyi, bəzi ərazilərdə yağış, leysan və şimşək olacağı gözlənilir.
Editor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti sabah ölkə üzrə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi proqnozlaşdırılır. Bununla belə, günün ikinci yarısından etibarən bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Axşam saatlarında yarımadanın ayrı-ayrı hissələrində yağışın leysan xarakterli və intensiv olacağı, həmçinin şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə oluna bilər.
Paytaxt və Abşeron yarımadasında şimal-şərq küləyinin əsəcəyi bildirilir. Temperaturun gecə 15-17°, gündüz isə 19-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqinin 767 mm civə sütunundan 764 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 70-80 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bölgələrdə yağış və dolu ehtimalı
Azərbaycanın rayonlarında da hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında əsasən şərq rayonlarında, gün ərzində isə bəzi ərazilərdə arabir yağış yağacağı bildirilir.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Axşam saatlarında dağlıq ərazilərdə yağıntının qara keçməsi mümkündür. Gecə və səhər bəzi rayonlarda duman müşahidə ediləcək.
Rayonlarda şərq küləyinin əsəcəyi, temperaturun gecə 13-18°, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.

