Şri-Lankada uzun müddətdir davam edən quraqlıq kənd təsərrüfatına və canlı təbiətə ciddi təsir göstərir.
Editor.az Euronews-a istinadən xəbər verir ki, ölkənin mərkəzi bölgələrində su mənbələrinin azalması, qurumuş quyular və çatlamış əkin sahələri quraqlığın miqyasını açıq şəkildə göstərir.
Medirigiriya bölgəsində sakinlər su əldə etmək üçün uzun məsafələr qət edir, plastik qablar və torpaq küplərlə su daşıyırlar. Quyuların tamamilə quruduğu yaşayış məntəqələrinə isə içməli su tankerlərlə çatdırılır.
Fermerlərin sözlərinə görə, yağıntıların kəskin azalması əkin sahələrinə ciddi ziyan vurub. Su çatışmazlığı məhsuldarlığı aşağı salaraq kənd təsərrüfatı ilə dolanan insanların gəlirlərinə də təsir edib.
Quraqlığın fəsadları ölkənin vəhşi təbiətindən də yan keçməyib. Yala Milli Parkında maral, meymun və camışların qurumaqda olan su hövzələrinin ətrafında toplandığı bildirilir. Heyvanların susuz qalmaması üçün bəzi ərazilərə tanker vasitəsilə əlavə su gətirilir.
Bu il musson mövsümündə yağıntıların az olması və temperaturun yüksək səviyyədə qalması vəziyyəti daha da ağırlaşdırıb.
İqlim üzrə mütəxəssislər mövcud vəziyyətə iqlim dəyişikliyi, yüksələn temperatur və qismən El-Ninyo hadisəsinin təsir göstərə biləcəyini bildirirlər.
\\ Aydan Bünyatova, Editor.az

