Ukraynanın Kramatorsk şəhərində iki sərnişin avtobusuna endirilən zərbə nəticəsində 30 nəfərin öldüyü, 18 nəfərin isə yaralandığı bildirilir.
Editor.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin və vilayət prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 8-də saat 10:00 radələrində Kramatorskda baş verib. Sərnişin daşıyan iki avtobus zərbəyə məruz qalıb.
İlkin məlumatlarda hücum nəticəsində 12 nəfərin öldüyü, 14 nəfərin yaralandığı açıqlanmışdı. Lakin sonradan Donetsk vilayət prokurorluğu tələfatın artdığını bildirib. Son məlumata əsasən, 30 nəfər həyatını itirib, 18 nəfər xəsarət alıb.
Ukrayna tərəfinin məlumatına görə, avtobusların yüksək dəqiqlikli idarə olunan aviasiya bombaları ilə vurulduğu ehtimal edilir.
Hadisənin digər detalları və hücum nəticəsində dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.

