Rusiyanın Kiyevə kütləvi hücumunun ŞOK PƏRDƏARXASI…backend

Rusiyanın Kiyevə kütləvi hücumunun ŞOK PƏRDƏARXASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya iyunun 2-də Ukraynaya qarşı kütləvi hava zərbələri endirməklə bu ölkənin “Patriot” sistemləri üçün raket qıtlığından yararlanmağa, eyni zamanda diqqəti öz dərin arxa cəbhəsini qoruya bilməməsindən və döyüş meydanındakı uğursuzluqlarından yayındırmağa çalışıb.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Analitiklər vurğulayırlar ki, Kremlin Kiyevə endirilən kütləvi zərbələrə bəraət qazandırmaq cəhdləri növbəti manipulyasiyadır. Rusiya tərəfi bu hücumun mayın 22-də Luqansk vilayətinin işğal altındakı Starobelsk şəhərində yerləşən “Rubikon” pilotsuz təyyarə mərkəzinin qərargahına edilən hücuma “cavab” olduğunu iddia edir.

Moskva Ukrayna Müdafiə Qüvvələrinin mülki obyekti vurduğunu yalanlayaraq, Rusiya ordusunun guya buna cavab olaraq Ukraynanın hərbi və müdafiə sənayesi obyektlərinə zərbələr endirdiyini irəli sürür.

Lakin reallıqda iyunun 2-də həyata keçirilən kombinə edilmiş hücum mülki və mühüm infrastruktura ciddi ziyan vurub. Hücum nəticəsində Ukraynada təxminən 23 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. ISW ekspertləri qeyd edirlər ki, Rusiyanın kasetli sursatlardan istifadə etməsi və xilasediciləri hədəf alan təkrar zərbələr (qoşa zərbə taktikası) Ukraynada mümkün qədər çox dinc sakini qətlə yetirmək məqsədi daşıyır.

Analitiklərə görə, Rusiyanın bu zərbələri Starobelskdəki tək bir hadisə ilə əlaqələndirməsi sadəcə bəhanədir; Rusiya bu hücumları hər bir halda həyata keçirəcəkdi. ISW bu hücumu həm də 9-11 may tarixlərindəki müvəqqəti sakitlikdən sonrakı eskalasiyanın bir hissəsi hesab edir. Xatırladaq ki, həmin vaxt Vladimir Putin Moskvada qısaldılmış “Qələbə Günü” paradını keçirmək üçün Kiyevdən Rusiya paytaxtını vurmamağı xahiş etmək məcburiyyətində qalmışdı.

Bundan əlavə, Putin Kiyevə qarşı gücləndirilmiş zərbə əməliyyatları vasitəsilə Ukraynanın mübarizə əzmini qırmağa və öz ərazisini Ukraynanın uzaqmənzilli zərbələrindən qoruya bilməməsi faktını gizlətməyə cəhd edir.

Xatırladaq ki, iyunun 2-nə keçən gecə Rusiya Ukraynaya qarşı ballistik, qanadlı və hipersəs raketləri, eləcə də zərbə PUA-ları tətbiq etməklə genişmiqyaslı kombinə edilmiş hücum həyata keçirib. Ruslar ümumilikdə 70-ə yaxın raket və 700-ə yaxın pilotsuz uçuş aparatı buraxıblar. Hava hücumundan müdafiə qüvvələri hədəflərin böyük hissəsini məhv edə bilsə də, onlarla ballistik raketin yerə düşməsi qeydə alınıb.

Hücum nəticəsində Ukrayna daxilində 20-dən çox insan həyatını itirib, 100-dən çox insan yaralanıb. Ballistik raketlərin zərbələri səbəbindən Kiyevin bir hissəsi işıqsız qalıb, kontakt şəbəkəsinin zədələnməsi üzündən paytaxtda ictimai nəqliyyatın marşrutları müvəqqəti dəyişdirilib.

Kiyevdə yaşayış binaları və mülki infrastruktur obyektlərinə ziyan dəyib, paytaxtda 7 nəfər ölüb, 90-a yaxın insan xəsarət alıb. Dağıntılar həmçinin Dnepr, Xarkov, Nikolayev, Poltava, Sumı, Çerniqov və Zaporojye vilayətlərində də qeydə alınıb.

Musavat.com