Cəmi 24 saat ərzində baş verən kəskin dönüşdən sonra strateji Hörmüz boğazında gəmilərin hərəkəti tamamilə dayanıb.
Musavat.com xəbər verir ki, “Marine Traffic” şirkətinin canlı peyk məlumatlarına istinad edən CNN telekanalı, bölgədəki yüzlərlə gəminin İrandan gələn hücum xəbərdarlığından sonra geri çəkildiyini və ya qeyri-müəyyən müddətə lövbər saldığını bildirib.
“Marine Traffic”-in son xəritələri göstərir ki, boğazdan keçməyə hazırlaşan əksər kommersiya gəmiləri Fars körfəzinin dərinliklərinə və ya Oman körfəzi tərəfə — hərbi gərginlikdən uzaq zonalara sığınıblar. Hazırda boğazın mərkəzi hissəsi demək olar ki, boşdur.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayılan bəyanatda bildirilir ki, boğazın bağlanması barədə göstərişə tabe olmayan hər hansı bir gəmi “düşmənlə (ABŞ) əməkdaşlıq edən tərəf” kimi qiymətləndiriləcək. SEPAH rəsmiləri qaydaları pozan istənilən su nəqliyyat vasitəsinin dərhal hücum hədəfinə çevriləcəyi barədə açıq ultimatum veriblər.
“The Hindu” nəşrinin verdiyi son məlumata görə, artıq bir neçə Hindistan gəmisi boğazdan keçmək istəyərkən SEPAH-ın hərbi katerləri tərəfindən atəşə tutulub. Hindistan rəhbərliyi hadisə ilə bağlı İranın səfirini XİN-ə çağıraraq nota verib.
Qərb-İran dəniz savaşı: ABŞ-ın dəniz blokadasına cavab olaraq İranın atdığı bu addım, aprelin 21-də bitəcək atəşkəsin yerini tammiqyaslı dəniz müharibəsinə verəcəyinə dair şübhələri qətiləşdirib. Hazırda ABŞ-ın “USS Michael Murphy” esminseti bölgədə patrulu davam etdirsə də, İranın raket komplekslərinin hədəfə gətirilməsi dənizdəki hər bir hərəkəti riskli edir.
İqtisadi ekspertlər bu blokadanın davam edəcəyi təqdirdə neftin barelinin yaxın günlərdə 100 dolları keçəcəyini proqnozlaşdırırlar. Hörmüz artıq sadəcə bir su yolu deyil, iki böyük gücün bir-birini mat etmək istədiyi “dəniz şahmatı” meydanına çevrilib.

