Azərbaycanda küləkli hava ilə bağlı mühüm dəyişiklik: İşlər dayandırılacaqbackend

Azərbaycanda küləkli hava ilə bağlı mühüm dəyişiklik: İşlər dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda güclü külək zamanı açıq ərazilərdə çalışan işçilərin fəaliyyəti və kranların istismarı ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur. Təklif olunan dəyişikliklər küləyin gücündən asılı olaraq işlərin davam etdirilməsi və ya dayandırılması qaydalarını müəyyənləşdirəcək.

Editor.az Trend-ə istinadən xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, küləkli havada açıq iş sahələrində, eləcə də həmin ərazilərdə yerləşən qurğularda çalışan işçilərə müəyyən edilmiş qaydada fasilələr verilməsi və zəruri hallarda işin dayandırılması nəzərdə tutulur.

Kranların istismarı ilə bağlı isə küləyin gücünə uyğun fərqli yanaşma təklif edilir. Belə ki, küləyin gücü 6–8 bal arasında olduqda quruda işləyən kranlardan yalnız onların texniki pasportunda göstərilən şərtlərə uyğun istifadə edilməsinə icazə verilə bilər. Küləyin gücü 8 balı keçdikdə isə bu kranlarla bütün işlər dayandırılacaq.

Hazırda qüvvədə olan qaydalara əsasən, küləyin gücü 6 bal və daha çox olduqda quruda kranlarla aparılan bütün işlərin dayandırılması tələb olunur. Yeni təklif müasir qüllə və mobil kranların texniki imkanlarını, həmçinin istehsalçı tərəfindən müəyyən edilmiş təhlükəsizlik göstəricilərini nəzərə almağa imkan verəcək.

Dəyişiklik layihəsinin hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istifadə olunan kranların küləkli havada daha təhlükəsiz və səmərəli istismarına şərait yaratmaqdır.

Layihənin müəllifləri hesab edirlər ki, texniki göstəriciləri daha güclü küləkdə işləməyə imkan verən kranların istismarına müəyyən şərtlərlə icazə verilməsi əsassız iş dayanmalarını azalda, əmək məhsuldarlığını yüksəldə və layihələrin vaxtında başa çatmasına kömək edə bilər.

Əmək Məcəlləsində digər hava şəraitləri ilə bağlı da xüsusi tələblər mövcuddur. Mövcud qanunvericiliyə görə, havanın temperaturu 41 dərəcədən yüksək olduqda açıq və isti iş yerlərində, eləcə də soyuq mövsümdə temperaturu müsbət 14 dərəcədən aşağı olan isidilməyən qapalı binalarda çalışan işçilərə müəyyən edilmiş qaydada fasilələr verilir və ya iş dayandırılır.

Bu fasilələr iş vaxtına daxil edilir və həmin müddət üçün əməkhaqqı işçinin tarif maaşı əsasında ödənilir. İşçinin təqsiri olmadan iş dayandırıldıqda isə boşdayanma vaxtına görə ödəniş tarif maaşının üçdə iki hissəsindən az olmamalıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Təklif olunan qaydalar qanunvericilik prosesinin növbəti mərhələlərindən sonra qüvvəyə minə bilər.