Kimlər dövlət qulluqçusu ola bilməyəcək? Yeni qaydalar qəbul edildibackend

Kimlər dövlət qulluqçusu ola bilməyəcək? Yeni qaydalar qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Sənəddə dövlət qulluğuna qəbul, sertifikatların qüvvədəolma müddəti və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulur.

Editor.az-ın məlumatına görə, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunaraq son oxunuşda təsdiqlənib.

Xaricdə təhsil alanlara müsabiqəsiz təyinat imkanı

Layihəyə əsasən, dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları dövlət qulluğu vəzifəsinə bir dəfə müsabiqədə iştirak etmədən təyin oluna biləcəklər.

Bunun üçün namizəd müvafiq dövlət orqanına müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir. Sənəddə nəzərdə tutulan qaydaya əsasən, namizəd beş iş günü ərzində dövlət orqanının rəhbərinə təqdim olunur və vakant vəzifəyə təyinat məsələsi həll edilir.

Belə şəxslərin stajorluq və sınaq müddətində qulluq keçməsi, eləcə də daimi əsaslarla inzibati vəzifəyə təyin olunması müvafiq maddələrlə tənzimlənəcək.

Yardımçı vəzifələrə qəbul isə dövlət orqanının rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş yolu ilə həyata keçiriləcək.

Dövlət qulluqçularının fəaliyyəti hansı meyarlarla qiymətləndiriləcək?

Yeni məcəlləyə əsasən, dövlət qulluqçularının il ərzindəki xidməti fəaliyyəti üç əsas istiqaməti əhatə edən doqquz səriştə üzrə qiymətləndiriləcək.

Nəticəyönümlülük istiqamətinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə olunması, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq daxildir.

Başqaları ilə işləmək istiqaməti kommunikasiya, emosional zəka və komanda işi bacarıqlarını əhatə edir.

Vətəndaşlara xidmət istiqamətində isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq əsas meyarlar kimi müəyyənləşdirilib.

Rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularının fəaliyyəti əlavə olaraq liderlik səriştələri üzrə də qiymətləndiriləcək. Buraya insanları idarə etmək, strateji düşüncə və əməkdaşların inkişafına dəstək göstərmək daxildir.

Dövlət qulluğu sertifikatının müddəti dəyişir

Layihədə nəzərdə tutulan mühüm yeniliklərdən biri də dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti ilə bağlıdır. Sənədə əsasən, sertifikatın qüvvədəolma müddəti beş ildən iki ilə endirilir.

Müvafiq qurum tərəfindən test imtahanlarının rübdə ən azı bir dəfə təşkili nəzərdə tutulur. İmtahanda iştirak haqqının məbləği də səlahiyyətli qurum tərəfindən müəyyən ediləcək.

İlk dəfə müsabiqədə iştirak edən şəxslər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eləcə də şəhid ailələrinin üzvləri üçün test imtahanı ödənişinin dövlət büdcəsindən qarşılanması nəzərdə tutulur.

Qüvvədə olan sertifikata sahib şəxslər onun qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsahibə mərhələsində ödənişsiz qeydiyyatdan keçə biləcəklər. Beşdən artıq vəzifə üzrə iştirak üçün ödənişin məbləği müvafiq qurum tərəfindən müəyyən ediləcək.

Kimlər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək?

Məcəllə layihəsində dövlət qulluğuna qəbul üçün məhdudiyyətlər də müəyyənləşdirilib.

Sənədə əsasən, digər dövlətin vətəndaşlığını qəbul etmiş və ya başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifələrini tuta bilməyəcəklər.

Müvafiq istisnalar nəzərə alınmaqla, 65 yaşı tamam olmuş şəxslər də dövlət qulluğuna qəbul üzrə məhdudiyyətlər sırasına daxil edilir.

Bundan başqa, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətinə malik olduğu müəyyənləşdirilən şəxslər, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olanlar, barəsində məcburi tibbi tədbirlər haqqında qüvvədə olan məhkəmə qərarı olan şəxslər və müəyyən edilmiş xəstəliklər səbəbindən dövlət qulluğuna yararsız hesab edilən şəxslər də müvafiq vəzifələri tuta bilməyəcəklər.

Dövlət qulluğuna xitam verilmiş şəxslərlə bağlı da qanun layihəsində ayrıca məhdudiyyət nəzərdə tutulur.

Məcəllə kimlərə şamil olunmayacaq?

Sənəddə Dövlət Qulluğu Məcəlləsinin tətbiq edilməyəcəyi vəzifələr də sadalanıb.

Bu sıraya Azərbaycan Prezidenti, Birinci vitse-prezident və vitse-prezidentlər, Milli Məclisin deputatları, baş nazir və onun müavinləri, hakimlər və ombudsman daxildir.

Məcəllənin müddəaları, sənəddə başqa hal nəzərdə tutulmadıqda, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Hesablama Palatasının rəhbərliyinə və auditorlarına, habelə bir sıra digər vəzifəli şəxslərə də şamil edilməyəcək.

İstisnalar yerli icra hakimiyyəti başçılarını, Naxçıvan Muxtar Respublikasının bir sıra vəzifəli şəxslərini və hərbi qulluqçuları da əhatə edir.

Qanun layihəsi parlamentdə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.