Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarların qaytarılması məsələsi ilə bağlı açıqlama verib. O, bu prosesin davam etdiyini, lakin əsirlərin qaytarılması üçün konkret tarixin müəyyənləşdirilmədiyini bildirib.
Editor.az-ın Axar.az-a istinadən aldığı məlumata görə, Simonyan məsələ ilə hər gün məşğul olduqlarını qeyd edib.
Ermənistan rəsmisi bildirib ki, Azərbaycan erməni əsirlərini müxtəlif cinayətlər törətməkdə ittiham edir. Onun sözlərinə görə, bu məsələ ətrafında Ermənistanda da müzakirələr aparılır və bəzi müxalifət nümayəndələri sərt bəyanatlar səsləndirirlər. Simonyan hesab edir ki, tərəflər arasında formalaşan qarşılıqlı mənfi münasibət əsirlərlə bağlı prosesə təsir göstərir.
O, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin işi barədə danışıb. Simonyanın iddiasına görə, Musayev Zəngəzur ərazisindəki Şəki kəndinə yolu azaraq gəlib, boş evə daxil olaraq orada yemək yeyib və yatıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi azərbaycanlı hərbçinin Ermənistan qanunvericiliyinə uyğun şəkildə mühakimə ediləcəyini bildirib. O, Musayevin Azərbaycana təhvil verilməsinin Ermənistana təzyiq göstərilməsi yolu ilə mümkün olmadığını deyib. Simonyan gələcəkdə tərəflər arasında əməkdaşlıq imkanlarının yarana biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Zəngəzurun Şəki kəndinə naməlum şəraitdə daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində Ermənistanda cinayət işi başlanıb və o, həbs edilib.

