Almaniyanın dəmiryol operatoru Deutsche Bahn ölkə ərazisindəki bütün dəmiryol vağzallarında spirtli içki qəbuluna tam qadağa tətbiq edib.
Editor.az-ın DPA-ya istinadən yaydığı məlumata görə, yeni qayda oktyabrın 15-də gecə saatlarından qüvvəyə minib.
Şirkət nümayəndəsinin sözlərinə görə, qadağanın qüvvəyə mindiyi ilk gün insidentsiz keçib və ölkənin müxtəlif bölgələrində hər hansı hadisə barədə məlumat daxil olmayıb.
Deutsche Bahn-dan bildirilib ki, qayda pozuntusu aşkarlandıqda təhlükəsizlik əməkdaşları ilk növbədə sərnişinə şifahi xəbərdarlıq edərək yeni tələblər barədə məlumat verəcəklər. Sərnişin xəbərdarlığa məhəl qoymadığı və tələblərə əməl etməkdən imtina etdiyi halda, onun vağzal ərazisində qalmasına inzibati qaydada qadağa qoyula bilər.
Qadağaya səbəb təhlükəsizlik əməkdaşına hücum olub
Yeni məhdudiyyətin tətbiqinə bu ilin yayında Offenburq və Karlsrue şəhərləri arasındakı dəmiryol xəttində baş verən hadisə səbəb olub.
Belə ki, bilet yoxlanışı zamanı 26 yaşlı təhlükəsizlik əməkdaşı sərxoş sərnişinin hücumuna məruz qalıb. Hadisə nəticəsində əməkdaş hərəkətdə olan qatardan düşüb.
Qeyd edək ki, yeni qərar Almaniyanın bütün dəmiryol vağzallarında ictimai təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
//Gülnarə Abasova, Editor.az

