Vüqar Rəhimzadə: Azərbaycanın artan qlobal nüfuzu Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradırbackend

Vüqar Rəhimzadə: Azərbaycanın artan qlobal nüfuzu Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki ildə bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən 7-ci Zirvə Görüşü Azərbaycana Asiya və Avrasiya məkanında siyasi, iqtisadi və logistik mövqelərini gücləndirmək üçün mühüm imkanlar vəd edir. Azərbaycanın təşkilat çərçivəsində təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərini koordinasiya etməsi Şərq-Qərb və Şimal-Cənub xətləri üzrə tranzit imkanlarını genişləndirir, ölkəmizi qitələrarası logistik mərkəzə çevirir. AQEM-ə üzvlüyü ölkəmizin Asiya dövlətləri ilə münasibətlərinin dərinləşdirilməsi, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu platforma Azərbaycan üçün yalnız siyasi dialoq məkanı deyil, həm də iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif regionlarla balanslaşdırılmış münasibətlərin qurulması, milli maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə qarşılıqlı etimada söykənən tərəfdaşlıqların inkişaf etdirilməsidir. AQEM bu baxımdan Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini sistemli şəkildə inkişaf etdirməsinə, ortaq maraqların müəyyənləşdirilməsinə və regional proseslərdə daha fəal iştirakına şərait yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın AQEM-ə 2024–2026-cı illər üzrə sədrliyi ölkəmizə Asiya məkanında çoxtərəfli diplomatiyanın inkişafına töhfə vermək və müxtəlif dövlətlər arasında dialoqun gücləndirilməsində daha fəal rol oynamaq imkanı yaradıb. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirdi ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür.

Azərbaycanın təşkilata sədrliyi dövründə keçirilən tədbirlər ölkəmizin çoxtərəfli diplomatiya və sülh quruculuğu səylərinin gücləndirilməsində əhəmiyyətli rol oynadı. Ötən ilin sentyabr ayında “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası keçirildi. Sammit ərəfəsində, bu il oktyabr ayının əvvəlində Bakıda ilk dəfə olaraq AQEM-in Media Forumu təşkil olundu. Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, AQEM-in yaratdığı imkanlardan biri də Asiya ölkələri ilə iqtisadi münasibətlərin dərinləşdirilməsi, yeni investisiya tərəfdaşlarının cəlb olunması və nəqliyyat-logistika əlaqələrinin inkişafıdır. Azərbaycanın coğrafi mövqeyi, Şərq–Qərb nəqliyyat marşrutlarında iştirakı və regional bağlantı imkanları bu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, rəqəmsal nəqliyyat həllərinin tətbiqi üzrə əməkdaşlıq həm Azərbaycan, həm də Asiya ölkələri üçün qarşılıqlı fayda verir. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında bu məqama toxunaraq vurğuladı ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Əməkdaşlığın digər mühüm istiqaməti təhsil, elm, mədəniyyət, gənclər siyasəti və rəqəmsal texnologiyalar sahələridir. Universitetlərarası əlaqələrin qurulması, tələbə və mütəxəssis mübadiləsi, birgə elmi layihələr və innovasiya təşəbbüsləri Azərbaycanla Asiya ölkələri arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə xidmət edən amillərdəndir.

Millət vəkili qeyd edib ki, AQEM-in məqsəd və məramını nəzərə alsaq, bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda Zirvə Toplantısına ev sahibliyi özündə gələcəklə bağlı vacib çağırışları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında vurğuladı ki, müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın AQEM-də fəal iştirakı, uğurla keçirilən Zirvə Görüşü Asiya ölkələri ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması, ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu platforma Azərbaycanın Asiya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrinin inkişaf etdirilməsi, çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün vacib beynəlxalq platformalardan biridir. Azərbaycanın AQEM çərçivəsində nümayiş etdirdiyi fəallıq, irəli sürdüyü təşəbbüslər və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr ölkəmizin dünyada artan nüfuzunun və möhkəmlənən siyasi mövqeyinin göstəricisidir. Eyni zamanda, bu fəaliyyət Azərbaycanın regional və qlobal proseslərdə rolunun genişlənməsinə, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əlaqələrin dərinləşməsinə, Asiyada sülhün, təhlükəsizliyin, etimadın və dayanıqlı inkişafın təşviqinə mühüm töhfə verir.