ABŞ-nin Oreqon ştatında yerləşən Bend şəhərində ibtidai məktəbə silahlı hücum olub. Hadisə nəticəsində üç uşaq və bir müəllim həyatını itirib. Atəş açan 16 yaşlı yeniyetmə isə hadisə yerində yerli sakin tərəfindən güllələnib.
Editor.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis məlumat yayıb.
Həlak olan uşaqların beş, səkkiz və on bir yaşlarında olduğu bildirilib. Hadisə zamanı yeddi yaşlı şagird və 54 yaşlı müəllim də ağır yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Polisin açıqlamasına əsasən, silahlı şəxs məktəbin bağlı qapılarına atəş açdıqdan sonra binaya daxil olub. Hücumda şübhəli bilinən şəxsin yaşı açıqlansa da, onun kimliyi və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.
Yeniyetmənin hücumdan əvvəl həmin məktəblə əlaqəsinin olub-olmadığı da hələlik müəyyənləşdirilməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, məktəbə daxil olan silahlı şəxsi görən yerli sakin onun arxasınca gedərək müdaxilə edib və hücum edən şəxsi güllələyib.
Oreqon ştatının qubernatoru Tina Kotek hadisəyə münasibət bildirərək silahlı şəxsin qarşısını alan sakinə təşəkkür edib. Qubernator onun müdaxiləsinin daha çox insanın həyatını itirməsinin qarşısını almağa kömək etdiyini vurğulayıb.

