Hamiləlik və doğuşla bağlı müavinətlərin təyin edilməsi və ödənilməsi mexanizmində dəyişikliklər edilib. Yeni qaydalara əsasən, müavinətin rəsmiləşdirilməsi üçün işəgötürənin hamiləliyə və doğuma görə məzuniyyət barədə əmri Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil etməsi tələb olunur.
Editor.az “Azxeber.com”a istinadən xəbər verir ki, məcburi dövlət sosial sığortası üzrə ödənişlər və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin təyin olunması, hesablanması və ödənilməsi qaydalarına dəyişiklik edilib.
Yeniliyə əsasən, hamiləliyə və doğuma görə müavinət sığortaedən tərəfindən ƏMAS-a müvafiq məzuniyyət əmrinin daxil edilməsindən sonra sistemdəki məlumatlar əsasında avtomatik müəyyənləşdirilir.
Beləliklə, əvvəl tətbiq edilən müavinət komissiyasının protokoluna ehtiyac qalmır. Kağız üzərində hazırlanmış əmrin aidiyyəti dövlət qurumuna təqdim olunması əvəzinə, məzuniyyət sənədi əvvəlcə ƏMAS-da rəsmiləşdirilməlidir.
Yeni qaydalarda müavinətin hansı hallarda ödənilməsi ilə bağlı digər şərtlər də müəyyənləşdirilib. Belə ki, hamiləliyə və doğuma görə məzuniyyət əsas və ya əlavə əmək məzuniyyəti, qismən ödənişli sosial məzuniyyət, eləcə də ödənişsiz məzuniyyət dövrünə təsadüf etdikdə, həmin müddətə düşən bütün təqvim günləri üçün müavinət ödənilir.
Ödənişin hesablanması əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə tətbiq olunan düsturlar əsasında aparılır və müavinət 100 faiz həcmində verilir.
Əgər sığortaolunanın əvvəlki ardıcıl 4 rüb ərzində əmək fəaliyyəti olmayıbsa, müavinətin hesablanması minimum əməkhaqqı əsas götürülməklə həyata keçirilir.
Qismən ödənişli sosial məzuniyyətdə olan qadın növbəti övladını dünyaya gətirdiyi halda və sığorta hadisəsindən əvvəlki ardıcıl 4 rüb ərzində həmin məzuniyyətdə olduğu təqdirdə də müavinət minimum əməkhaqqı əsasında hesablanacaq.
Qaydalar həmçinin əsas və əlavə iş yerləri üzrə hesablamaları, hesablamadan çıxılan günlərin müəyyənləşdirilməsini və 180 gün müddətində yenidən hesablama aparılması imkanını əhatə edir.
Dəyişikliklərdən biri də müavinətin yuxarı həddi ilə bağlıdır. Yeni qaydaya görə, hamiləliyə və doğuma görə müavinətin aylıq məbləği minimum əmək pensiyasının 25 mislindən çox ola bilməz.
Hazırda minimum əmək pensiyası 320 manat olduğundan, bu müavinət üzrə aylıq maksimum məbləğ 8 000 manat müəyyən edilir.
Muzdlu işçi çalışdırmayan fərdi sahibkarlara gəldikdə isə hamiləliyə və doğuma görə müavinət proaktiv şəkildə təyin edilmir. Belə şəxslər müavinətin alınması üçün müəyyən edilmiş formada müraciət etməlidirlər.
Ödənişin həyata keçirilməsi üçün sığorta hadisəsinin baş verdiyi aydan əvvəlki son 4 rübün ən azı 6 ayında qanunvericiliklə müəyyən edilən məbləğdə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələb olunur. Bundan başqa, hadisənin baş verdiyi tarixdə sosial sığorta haqları üzrə borc olmamalı və sahibkarlıq fəaliyyəti müvəqqəti dayandırılmalıdır.
Hamiləliyə və doğuma görə müavinət alan fərdi sahibkar qadın bu müddətdə sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bu halda onun vergi ödəyicisi kimi fəaliyyəti müvəqqəti dayandırılmalıdır.

