2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul nəticələrindən sonra boş qalan dövlət sifarişli yerlər üzrə əlavə müsabiqə keçirilib.
Editor.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Məlumata görə, müsabiqənin ilkin nəticələrindən sonra bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlər boş qalıb. Həmin yerlərin ödənişli əsaslarla qəbul olunan tələbələr arasında bölüşdürülməsi üçün onların topladıqları ballar nəzərə alınmaqla əlavə müsabiqə təşkil edilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən, 1 870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.
Qeyd olunub ki, həmin tələbələrin siyahısı lazımi tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.
Bundan başqa, dövlət sifarişli yerlərə keçid əldə edən tələbələrə bu barədə onların “Şəxsi kabinet”lərində qeyd olunan mobil telefon nömrələri vasitəsilə də məlumat verilib.

