Bakı Dövlət Universiteti (BDU) ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Editor.az Azərtac-a istinadən xəbər verir ki, sənəd iki ali təhsil müəssisəsi arasında tədris və elmi əməkdaşlığın inkişaf etdirilməsini, eləcə də beynəlxalq standartlara uyğun birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Memoranduma əsasən, universitetlərin fakültə, institut və kollecləri arasında təlim-tədris prosesinin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.
Sənəddə konfrans, seminar, simpozium, sərgi, qısamüddətli kurs və müxtəlif təlimlərin birgə təşkili, eləcə də elmi-tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulub.
Bununla yanaşı, elmi jurnallarda birgə məqalələrin dərc edilməsi, ortaq akademik proqramların və tədris planlarının hazırlanması, həmçinin akademik və inzibati heyət, tələbə, magistrant, doktorant və tədqiqatçı mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.
Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Qafqaz Beynəlxalq Universitetinin rektoru Kakhaber Kordzaia imzalayıblar.

