Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Paytaxt və bölgələrdə əvvəlki dövrlə müqayisədə kənd yumurtasının qiyməti yüksəlib.
Editor.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son bir ay ərzində kənd yumurtasının qiyməti 20-30 qəpikdən 40 qəpiyə qədər qalxıb.
Satıcıların sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri payız aylarında kənd toyuqlarında yumurta istehsalının azalmasıdır. Tələbatın yüksək qalması isə qiymətlərə təsir göstərən digər amil kimi göstərilir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, payız-qış mövsümündə yumurta istehsalında azalma müşahidə olunur. Eyni zamanda tələbatın yüksək olması qiymət artımını şərtləndirir.
M.Həsənli soyuq aylarda kənd yumurtasının qiymətinin daha da yüksələ biləcəyini istisna etməyib.

