Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) rəhbər heyətin, yüksək rütbəli zabitlərin və onların ailə üzvlərinin səfər şəraitinin dövlət hesabına yaxşılaşdırılmasını nəzərdə tutan yeni qaydalar hazırlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı əmr layihəsi Rusiyanın normativ hüquqi akt layihələri portalında dərc olunub.
Sənədə əsasən, FTX Kollegiyasının üzvlərinə — qurumun direktoru, onun müavinləri və digər yüksək vəzifəli şəxslərə təkcə xidməti ezamiyyətlər zamanı deyil, həm də məzuniyyətə və müalicəyə gedərkən təyyarənin birinci sinfindən istifadə etmək hüququ verilməsi təklif olunur.
Ali zabit heyəti biznes-klasla uça biləcək. İdarə rəisinin müavini və ondan yuxarı vəzifələrdə çalışan, tutduğu vəzifə polkovnik və ya birinci dərəcəli kapitan rütbəsini nəzərdə tutan əməkdaşlara isə “komfort” sinfi ayrılacaq. Digər hərbi qulluqçular ekonom-klasdan istifadə etməyə davam edəcəklər.
Eyni güzəştlərin pulsuz gediş hüququ olan FTX əməkdaşlarının ailə üzvlərinə də şamil edilməsi nəzərdə tutulur. Həlak olmuş hərbi qulluqçuların ailələri isə həmin şəxsin sağlığında malik olduğu səfər kateqoriyasını qoruyacaqlar.
FTX dövlət büdcəsindən ödəniləcək əlavə xərclərin siyahısını da genişləndirməyi təklif edir. Buraya məcburi xidmət və agentlik haqları, biletlərin zərurət üzündən qaytarılması və ya dəyişdirilməsi, eləcə də baş tutmayan tranzit bağlantıları nəticəsində yaranan xərclər daxil ediləcək.

