Türkiyədə ləğv edilən fondlardan zərər çəkən investorların vəsaitlərinin qaytarılması üçün təxminən 10 maddədən ibarət qanun layihəsi hazırlanır.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, layihənin bu günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi və oktyabr ayı ərzində qüvvəyə minəcəyi gözlənilir.
Bugünədək “fond böhranı”ndan 455 mindən çox investorun zərər çəkdiyi bildirilir. Onlardan təxminən 350 mininin fondlarda bir milyon lirədən az vəsaiti var. İlk mərhələdə bu şəxslərə ödənişlərin oktyabr ayında başlanması planlaşdırılır.
Ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi, investorlara yatırdıqları əsas məbləğlə yanaşı inflyasiya fərqinin də ödənilməsi nəzərdə tutulur. Bir milyon lirədən çox alacağı olan investorlar isə sonrakı mərhələlərdə ödəniş alacaqlar.
Ləğv edilən fondların qiymətli kağızları, daşınmaz əmlakı və digər aktivləri nağdlaşdırılaraq ödənişlərə yönəldiləcək. Bildirilir ki, prosesdə dövlət vəsaitindən istifadə olunmayacaq.
Bununla yanaşı, fondlarla bağlı istintaq çərçivəsində 85 şübhəlinin həbs edildiyi, 207 nəfər barəsində tədbir görüldüyü açıqlanıb. Şübhəlilərin əmlaklarına da tədbir qoyulub.

