Müəllimlər məktəbə belə geyinəcək – Yeni tələblər AÇIQLANDIbackend

Müəllimlər məktəbə belə geyinəcək – Yeni tələblər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib.

Editor.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, təhsilverənin geyimi onun iş fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı və məktəbin işgüzar mühitinə uyğun olmalıdır.

Yeni tələblərə görə, müəllimlər mövsümə uyğun, təmiz, səliqəli, sadə və klassik işgüzar üslubda geyinməlidirlər. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya dərsləri zamanı isə işin xarakterinə uyğun rahat və funksional geyimlərdən istifadə edilə bilər.

Kişi müəllimlər üçün tələblər:

– Pencək və şalvardan ibarət sərbəst kəsimli klassik dəst;

– Uzun və ya qısaqol, birrəngli, zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;

– İstəyə uyğun qalstuk, eləcə də köynəyin üzərindən klassik sviter, pulover və ya jilet;

– Klassik ayaqqabı.

Qadın müəllimlər üçün isə:

– Pencək və şalvar, pencək və ətək və ya pencək və dondan ibarət klassik dəst;

– Diz səviyyəsində və ya dizdən aşağı olan ətək və ya don;

– Uzun və ya qısaqol, birrəngli, zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;

– Klassik ayaqqabı nəzərdə tutulub.

Qaydalarda həmçinin qeyd olunur ki, geyimin ölçüsü və forması müəllimin əmək funksiyalarını yerinə yetirməsinə maneə yaratmamalıdır.

Müəllimlərin iş vaxtı məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xüsusiyyətlərinə və şagirdlərin yaş qruplarına uyğun olmayan geyimlərdən istifadə etməsinə yol verilməyəcək.

Beləliklə, yeni tələblərlə dövlət məktəblərində müəllimlərin geyiminin daha səliqəli, klassik və işgüzar üslubda olması əsas şərtlərdən biri kimi müəyyənləşdirilib.