Dövlət Statistika Komitəsində yeni kadr təyinatı həyata keçirilib.
Editor.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini vəzifəsinə təyin olunub.
DSK-nın yaydığı məlumata görə, yeni sədr müavini 1983-cü ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Səbuhi Əliyev 2004-2005-ci illərdə hərbi xidmət keçib. 2007-ci ildən etibarən müxtəlif dövlət qurumlarında fəaliyyət göstərib. O, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, həmçinin Maliyyə və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.
Əliyev eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib.
2024-2026-cı illərdə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində direktor müavini vəzifəsində çalışan Səbuhi Əliyev daha sonra Dövlət Statistika Komitəsi sədrinin müşaviri və aparat rəhbəri olub.
O, dövlət qulluğunun baş müşaviridir. 2025-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Səbuhi Əliyev ailəlidir və iki övladı var.

