Əcnəbi tələbələr üçün ABŞ-da yeni şərt: 70 min dollarlıq ödənişbackend

Əcnəbi tələbələr üçün ABŞ-da yeni şərt: 70 min dollarlıq ödəniş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da əcnəbi tələbələrin ölkədə təhsil və iş təcrübəsi imkanlarını məhdudlaşdıra biləcək yeni ödəniş təklifi gündəmə gətirilib.

Editor.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti F-1 tələbə vizası sahiblərinin Könüllü Praktik Təlim (OPT) proqramında iştirakı üçün 70 min dollar ödəniş tətbiq edilməsini təklif edib.

“Reuters”in məlumatına görə, təşəbbüs Donald Tramp administrasiyasının xarici vətəndaşlar üçün viza və immiqrasiya qaydalarını sərtləşdirmək siyasətinin bir hissəsidir.

Təklifə əsasən, F-1 vizası ilə ABŞ-da olan qeyri-immiqrant tələbələr sertifikatlaşdırılmış təhsil müəssisəsində iş təcrübəsi əldə etmək üçün OPT proqramına qoşulduqları halda 70 min dollar ödəməli olacaqlar. İş yerində əlavə təlim üçün isə daha 30 min dollarlıq ödəniş nəzərdə tutulur.

Daxili Təhlükəsizlik Departamenti bildirir ki, yeni qaydaların əsas məqsədi mümkün saxtakarlıqların qarşısını almaq, immiqrasiya sisteminin etibarlılığını artırmaq və ABŞ vətəndaşlarının əmək bazarındakı maraqlarını qorumaqdır.

Hazırkı OPT sistemi xarici tələbələrə təhsil müddətində həftədə 20 saata qədər işləmək, məzuniyyətdən sonra isə müəyyən müddət ərzində ixtisasları üzrə təcrübə keçmək imkanı verir. STEM, yəni elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsil alanlar üçün əlavə müddət də nəzərdə tutulur.

Hazırda OPT proqramı ilə bağlı ödəniş təxminən 500 dollar təşkil edir. Yeni təklif qəbul edilərsə, bu məbləğlə müqayisədə ödənişdə kəskin artım baş verəcək.

OPT proqramı ABŞ-da təhsil alan xarici tələbələr üçün mühüm imkanlardan biri hesab olunur. Bu sistem bir çox tələbə üçün sonrakı mərhələdə H-1B iş vizasına keçid baxımından da əhəmiyyət daşıyır.

H-1B proqramı uzun illərdir dünyanın müxtəlif ölkələrindən olan ixtisaslı mütəxəssislərin ABŞ-da işləməsinə şərait yaradır. Xüsusilə Hindistan və Çindən olan mühəndis və alimlər bu proqramdan geniş istifadə edirlər.

ABŞ-ın iri texnologiya şirkətləri də yüksək ixtisas tələb edən vəzifələrin doldurulmasında xarici mütəxəssislərin xidmətlərindən geniş yararlanırlar.