TikTokun minlərlə istifadəçi, o cümlədən yeniyetmə və uşaqlar üzərində təhlükəsizlik funksiyaları ilə bağlı sınaqlar keçirdiyi və bəzi istifadəçilərə işləməyən versiyalar təqdim etdiyi iddia olunur.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Baş prokuroru Letitia James tərəfindən TikTok-a qarşı qaldırılan məhkəmə iddiasının çərşənbə günü ictimaiyyətə açıqlanan sənədlərində məlumat verilib.
İddialara görə, TikTok “Algo Refresh” adlı funksiyanı sınaqdan keçirərkən minlərlə istifadəçini sözügedən funksiyanın işləmədiyi “plasebo” qrupuna daxil edib. İstifadəçilər təhlükəsizlik alətini aktivləşdirdiklərini düşünsələr də, onların tövsiyə lentində real dəyişiklik baş verməyib.
“Algo Refresh” istifadəçilərə arzuolunmaz və ya potensial təhlükəli məzmundan uzaqlaşmaq üçün tövsiyə alqoritmini yeniləmək imkanı verməli idi. Məhkəmə sənədlərinə əsasən, şirkət işlək və işləməyən versiyaları alan istifadəçilərin platformada keçirdiyi vaxtı və bunun reklam gəlirlərinə təsirini müqayisə edib.
İddiada həmçinin TikTokun bəzi təhlükəsizlik alətlərinə çıxışı məhdudlaşdırdığı və bunun xüsusilə zərərli məzmundan uzaqlaşmaq istəyən istifadəçilərə təsir etdiyi bildirilir.
Şirkətin əməkdaşlarından birinin də “Algo Refresh” funksiyası ilə bağlı plasebo sınağının istifadəçiləri yanıltmasının mümkünlüyündən narahat olduğu iddia edilir. Buna baxmayaraq, sənədlərə əsasən, sınaqlar 2023-cü ildə dəfələrlə keçirilib.
TikTok isə ittihamları rədd edir və şirkətin platformada yeni funksiyaları mütəmadi olaraq sınaqdan keçirdiyini bildirir. Şirkət təhlükəsizlik alətləri ilə bağlı iddiaların funksiyaların necə işlədiyini yanlış təqdim etdiyini vurğulayıb.
Məhkəmə sənədlərində TikTokun təhlükəli məzmuna çıxışı məhdudlaşdıran digər təhlükəsizlik funksiyalarını da istifadəçilər üzərində sınaqdan keçirdiyi iddia olunur. Bloomberg-in daha əvvəl yaydığı məlumatlara görə, belə sınaqlardan birinə Nyu-Yorkda yeniyetmə oğlan da daxil olub və həmin istifadəçinin hesabında özünə zərərvermə və intiharla bağlı məzmuna çıxışın artdığı bildirilir.
İddialara əsasən, şirkətin daxili araşdırmalarında yeniyetməyə intihar və özünə zərərvermə ilə bağlı çoxsaylı videoların göstərildiyi qeyd olunub. Hadisənin sonrakı nəticələri də məhkəmə sənədlərində TikTokun təhlükəsizlik siyasəti ilə bağlı ciddi suallar yaradıb.
Letitia James 2024-cü ildə TikTok-a qarşı məhkəmə iddiası qaldırıb. Nyu-York işi ABŞ-ın müxtəlif ştatlarında TikTokun uşaqlar və yeniyetmələr üçün platformadan asılılığı artıran mexanizmlərdən istifadə etməsi ilə bağlı açılmış çoxsaylı məhkəmə işlərindən biridir.
Sentyabr ayında isə TikTok Alabama ştatında ilk məhkəmə prosesi ərəfəsində razılaşmaya gedərək ştata 300 milyon dollara qədər ödəniş etməyi və yeniyetmələr üçün platformanın fəaliyyətində dəyişikliklər aparmağı qəbul edib.
\\ Aydan Bünyatova, Editor.az

