Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 6-da ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüş keçirib.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün mühüm rol oynadığını bildirib.
Nazir Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycan-ABŞ əlaqələrinin müxtəlif istiqamətlərdə genişlənməsinin müsbət nəticələr verdiyini qeyd edib.
Görüşdə 2026-cı il fevralın 10-da imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılan işçi qruplarının fəaliyyəti və yeni layihələrin hazırlanması məsələləri də nəzərdən keçirilib.
Tərəflər iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə ediblər. Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya və yüksək texnologiyalar sahəsində əldə olunan razılaşmaların strateji tərəfdaşlığın iqtisadi bazasının gücləndirilməsinə xidmət etdiyi bildirilib.
Ceyhun Bayramov Azərbaycanın enerji, nəqliyyat və logistika imkanlarının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Görüşdə TRIPP layihəsinin də regional nəqliyyat və iqtisadi əlaqələrin inkişafına töhfəsi müzakirə olunub. Layihənin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsində və regional tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayacağı qeyd edilib.
Tərəflər, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Görüşün sonunda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının qarşılıqlı maraq doğuran sahələr üzrə daha da inkişaf etdirilməsi və əldə olunan razılaşmaların praktiki nəticələrə çevrilməsi üçün səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

