Həkim oynaqlar üçün ən faydalı idman növlərini açıqlayıbbackend

Həkim oynaqlar üçün ən faydalı idman növlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Skandinaviya yerişi, üzgüçülük və velosiped sürmək oynaqlara düşən yükü azaltmağa və ağrıları yüngülləşdirməyə kömək edə bilər.

Editor.az xəbər verir ki, bu barədə yüksək kateqoriyalı həkim, ortoped-travmatoloq Pavel Semiçenkov bildirib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə skandinaviya yerişi oynaqlar üçün daha az yükləyici fiziki fəaliyyət hesab olunur. Çubuqlardan düzgün istifadə edildikdə bədənin əzələlərinin böyük hissəsi hərəkətə cəlb olunur, eyni zamanda diz və bud-çanaq oynaqlarına, eləcə də daban sümüklərinə düşən yük azalır. Bu səbəbdən belə gəzinti diz artrozu, bel ağrıları və daban mahmızından əziyyət çəkən insanlar üçün uyğun ola bilər.

Həkim qeyd edib ki, skandinaviya yerişində çubuqlar insanın boyuna uyğun seçilməli, hərəkətlər isə düzgün və sinxron yerinə yetirilməlidir. Çubuqları sadəcə əldə daşımaq gözlənilən nəticəni vermir.

Üzgüçülük isə xüsusilə zədələrdən sonra reabilitasiya dövründə, güclü ağrı sindromu zamanı və artıq çəkisi olan insanlar üçün tövsiyə edilə bilər. Suyun yaratdığı dəstəkləyici mühit əzələləri gücləndirməyə və oynaqları daha təhlükəsiz şəkildə hərəkət etdirməyə imkan verir. Bununla belə, həkim soyuq suda, xüsusilə buzlu suda üzməyin orqanizm üçün əlavə stress yarada və damar spazmına səbəb ola biləcəyini vurğulayıb. Bu səbəbdən suyun temperaturu komfortlu olmalıdır.

Velosiped sürmək də oynaqlara düşən yükü azaltmağa kömək edə bilər, lakin bunun üçün hamar yol seçilməsi vacibdir. Dağ velosipedi, kələ-kötür ərazilərdə sürmə, kəskin eniş-yoxuşlar və tullanışlar oynaqlar üçün əlavə travma riski yarada bilər. Bel nahiyəsində problemi olan şəxslərə isə vibrasiyanın olmadığı velotrenajordan istifadə etmək daha məqsədəuyğun hesab olunur.

Mütəxəssis bildirib ki, fiziki fəaliyyətə yeni başlayan insanlar yükü tədricən artırmalı və məşqdən əvvəl isinmə hərəkətləri etməlidirlər. Əsas qaydalardan biri isə ağrıya baxmayaraq məşqi davam etdirməməkdir. Hərəkət zamanı oynaqda ağrı yaranırsa, bu, seçilən yükün orqanizm üçün uyğun olmadığının göstəricisi ola bilər.

//Gülnarə Abasova, Editor.az