Qara dənizdə mülki gəmiçiliyə qarşı baş verən son insident Azərbaycan üçün yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda Azərbaycan vətəndaşlarının həyatının itirilməsi baxımından ciddi narahatlıq doğuran hadisədir. Xüsusilə gəmi heyətində Azərbaycan vətəndaşlarının olması və onlardan birinin həlak olması hadisənin Bakının diqqət mərkəzində saxladığı məsələlər sırasına daxil olduğunu göstərir. Bununla belə, insidentin Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qara dənizdə gəmiçiliyin ciddi risklərlə üzləşdiyi bir şəraitdə baş verməsi hadisəyə daha geniş təhlükəsizlik və regional sabitlik kontekstində yanaşmağı zəruri edir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Qara dənizdə baş verən bu hadisəyə ilk növbədə Rusiya-Ukrayna müharibəsi kontekstində yanaşmaq lazımdır:
“Çünki bu gün Qara dənizdə həm mülki, həm də hərbi gəmilərin hərəkətinin ciddi təhlükə altında olduğu artıq hamıya məlumdur. Rusiya və Ukraynanın Qara dənizdə hərəkət edən gəmilərə PUA hücumları artıq mütəmadi xarakter alıb və burada əsas məqsədlərdən biri qarşı tərəfin hərbi, iqtisadi və logistik imkanlarına zərbə vurmaqdır.
Bu baxımdan, Azərbaycan vətəndaşlarının olduğu gəminin hücuma məruz qalmasını birbaşa Azərbaycan-Rusiya və ya Azərbaycan-Ukrayna münasibətləri müstəvisinə gətirmək, məncə, düzgün yanaşma olmaz. Söhbət müharibə zonasına çevrilmiş və gəmiçilik üçün yüksək risk daşıyan ərazidə baş vermiş hadisədən gedir.
Azərbaycan Xarici İşlər Nazirliyi də dəfələrlə vətəndaşlarımızı, xüsusilə dənizçiləri Qara dənizin təhlükəli ərazilərində fəaliyyət göstərərkən ehtiyatlı olmağa, mümkün olduğu təqdirdə belə ərazilərdən uzaq durmağa çağırıb. Son hadisədən sonra bu çağırışın bir daha səsləndirilməsi də təsadüfi deyil”.
Onun sözlərinə görə, Azərbaycan dövləti harada olmasından asılı olmayaraq, təhlükə ilə üzləşən vətəndaşlarının yanında olur və onların hüquq və təhlükəsizliyinin qorunması üçün bütün zəruri addımları atır:
“Lakin eyni zamanda, vətəndaşlarımız da dövlətin xəbərdarlıqlarını nəzərə almalı və həyatlarını təhlükəyə atan ərazilərdə fəaliyyətlə bağlı daha ehtiyatlı davranmalıdırlar.
Ona görə də hesab edirəm ki, bu hadisəni Bakı-Moskva münasibətlərində yeni diplomatik böhran kimi təqdim etməkdənsə, ilk növbədə Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükələrin nəticəsi kimi qiymətləndirmək daha doğru olar. Əlbəttə, Azərbaycan vətəndaşının həlak olması ciddi məsələdir və Azərbaycan tərəfinin hadisənin bütün təfərrüatlarının araşdırılması ilə bağlı mövqeyi tamamilə haqlıdır. Lakin bu, avtomatik olaraq hadisənin Azərbaycan-Rusiya münasibətlərində yeni qarşıdurma müstəvisinə keçməsi anlamına gəlmir”.
// Gülnarə Abasova, Editor.az

