Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat ofisi bildirir ki, Avropa İttifaqı rus pravoslav kilsəsini (RPK) Ermənistandan aqressiv şəkildə çıxarmağa başlayıb. Musavat.com erməni mediasına istinadla bildirir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Brüsseli ittiham edib. Rəsmi açıqlamada deyilir ki, “Avropaya inteqrasiya üçün məcburi şərt olaraq Ermənistan hakimiyyətindən Moskva ilə əsrlər boyu davam edən dini və mənəvi əlaqələri tamamilə kəsmək tələb olunur”.

“Bu ilin aprel ayında Ermənistanda yaradılmış Avropa İttifaqının tərəfdaşlıq missiyası bu siyasi-ideoloji problemin həlli çərçivəsində Rus Pravoslavlığına qarşı şiddətli hücuma başlayıb. Avropalılar İrəvan və Erməni Yeparxiyasını Rus Pravoslav Kilsəsinin kilsə daşınmaz əmlakından istifadə hüququndan məhrum etməyə, eləcə də onun yerli dini qurumlarla və ilk növbədə Erməni Apostol Kilsəsi ilə dialoqunu əngəlləməyə çalışırlar”.
Bəyanatda deyilir ki, “Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasına bağlı Müqəddəs Mikayıl Baş Mələk kilsəsinin rahibi, Rus Pravoslav Kilsəsinin atası Timofey Kazaryana qarşı vəhşicəsinə hücum edərək Ermənistandakı “hibrid” təhdidlərlə necə mübarizə apardığını açıq şəkildə nümayiş etdirib.
Brüssel tərəfindən maliyyələşdirilən “Məlumatlı Vətəndaşlar Birliyi” və “Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisi” QHT-ləri təvazökar ruhaniyə bu ilin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham irəli sürüblər.
Məlumata görə, hazırda sözdə avropalı tərəfdaşlar adlananlar Ermənistan hakimiyyətini onlara qarşı genişmiqyaslı təqiblərə başlamağa təhrik etmək üçün Rusiya Pravoslav Kilsəsinin İrəvan və Erməni Yeparxiyasının digər nümayəndələrinə qarşı kompromat materialları hazırlayırlar. Bu baxımdan, Avropa rəsmilərinə xatırlatmaq istərdik ki, Ermənistan və Rusiya arasındakı münasibətlərin tarixi Avropa İttifaqının tarixindən müqayisəolunmaz dərəcədə qədimdir”.

Göründüyü kimi, seçkilər ərəfəsində Rusiyadan Ermənistana və Avropa İttifaqına ittihamlar artıb. Artıq Xarici Kəşfiyyat Xidməti də bəyanatla çıxış edir. Buna qədər isə Rusiya rəsmiləri, Duma sədri və üzvləri, ayrı-ayrı Kreml təbliğatçıları Paşinyan iqtidarını təhdid edir, Moskva siyasi-iqtisadi basqıları artırır. Bu dəfə isə dini kontekstdə Aİ və Ermənistana ittihamlar səsləndirilib. Beləliklə, Kreml bütün resurslarını səfərbər edərək seçkilərin nəticələrinə təsir göstərməyə çalışır. Bəzi analitiklərin sözlərinə görə, əslində, ermənilərin fikrincə, rus pravoslavlığı apostol dini deyil və rusların qəlbinə ən yaxın olan yalnız erməni apostol kilsəsidir. Bununla Erməni Apostol Kilsəsi həm Rus pravoslavlığını aşağılatmaq niyyətini ortalığa qoyur, həm də Qərbdə bəlli dairələrlə əməkdaşlıq üçün yeni istiqamət yaratdığının mesajını vermiş olur.
Musavat.com


