Almaniya İrəvana ilin əvvəlindən bəri sayca altıncı deportasiya reysini həyata keçirib. Sözügedən təyyarə ilə Almaniyadan çıxarılan Ermənistan vətəndaşları ölkələrinə qaytarılıb. Ermənistan hakimiyyəti digər ölkələrdən deportasiya edilən vətəndaşların sayı və təşkil olunan xüsusi reyslər barədə rəsmi statistikaları ictimaiyyətə təqdim etməkdən imtina edir.
Bunun səbəbi nədir? Almaniya hansı prosesə başlayıb? Eyni hal azərbaycanlılar üçün də ola bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Almaniyanın miqrantların deportasiyasını intensivləşdirməsinin əsas səbəbi ölkənin miqrasiya siyasətini sərtləşdirməsi, sığınacaq sisteminə nəzarəti gücləndirməsi və ölkədə qalmaq üçün hüquqi əsası olmayan şəxslərin geri qaytarılmasını sürətləndirməsidir:
“Ermənistan vətəndaşlarının Almaniyadan xüsusi reyslərlə geri göndərilməsi də bu ümumi siyasətin bir hissəsi kimi qiymətləndirilməlidir. Ancaq burada mühüm məqam var: deportasiya bütün miqrantların ölkədən çıxarılması demək deyil. Əsasən sığınacaq müraciəti rədd edilən, ölkədə qalmaq hüququ olmayan və geri qaytarılması üçün hüquqi maneə mövcud olmayan şəxslər hədəfə alınır.
Almaniyanın bu addımı atmasında bir neçə səbəb var. Ora gedən şəxslərin hamısı qaçqın statusu ala bilmir. Müraciətləri rədd edilən və ölkədə qalmaq üçün başqa hüquqi əsası olmayan şəxslər deportasiya ilə üzləşə bilərlər. Ermənistan vətəndaşlarının müraciətlərinə də fərdi qaydada baxılır. Həmçinin daxili siyasi təzyiq də getdikcə artır. Almaniyada miqrasiya və təhlükəsizlik məsələləri siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Cəmiyyətin bir hissəsi qeyri-qanuni miqrasiyanın azaldılmasını, sərhəd nəzarətinin gücləndirilməsini və cinayət törədən əcnəbilərin ölkədən çıxarılmasını tələb edir. Ona görə də hökumət bu tələblərə cavab olaraq deportasiya qərarlarının icrasını sürətləndirməyə çalışır”.

Ekspertin sözlərinə görə, miqrantlar dövlət büdcəsinə və sosial sistemə əlavə yük yaradır:
“Miqrantların yerləşdirilməsi, yaşayış yeri, sosial yardım, səhiyyə və digər xidmətlərlə təmin olunması dövlət üçün xərc yaradır. Almaniya, xüsusilə sığınacaq hüququ əldə edə bilməyən şəxslərin ölkədə uzun müddət qalmasının qarşısını almağa çalışır. Bununla belə, Almaniya iqtisadiyyatının əmək qüvvəsinə ehtiyacı da var. Buna görə də ölkə bütün miqrantları deyil, əsasən hüquqi statusu olmayan şəxsləri hədəfə alır; qanuni əsaslarla işləyən və yaşayan əcnəbilərin vəziyyəti fərqlidir.
Əsas dəyişiklik miqrasiya məsələsində ölkəyə gələn şəxslərin sayını məhdudlaşdırmaqla yanaşı, ölkədə qalmaq hüququ olmayanların geri qaytarılmasına daha çox üstünlük verilməsidir. Bu, Almaniyanın daxili təhlükəsizlik, sosial xərclər və seçicilərin miqrasiya ilə bağlı narahatlıqlarına verdiyi siyasi cavabdır. Almaniyanın deportasiya siyasətinin sərtləşməsi orada yaşayan azərbaycanlılar üçün də əhəmiyyətlidir. Lakin erməni vətəndaşlarının deportasiya edilməsi azərbaycanlıların da kütləvi şəkildə deportasiya olunacağı demək deyil. Hər bir şəxsin hüquqi statusu və işi ayrıca qiymətləndirilir”.

