ABŞ-də “OpenAI” şirkətinin rəhbərlərinin istifadə etdiyi iclas otağına gizli səsyazma cihazı yerləşdirməkdə şübhəli bilinən mühəndis həbs olunub. Şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.
Editor.az Anewz-a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistanı vətəndaşı olan, ABŞ-də daimi yaşamaq hüququna malik 35 yaşlı Əbdürrəhman Əl-Fəuzan 2025-ci ilin iyulundan “OpenAI”da çalışıb.
Prokurorluğun iddiasına görə, o, şirkətin San-Fransiskodakı ofisində rəhbərliyin istifadə etdiyi iclas otağına gizli səsyazma avadanlığı yerləşdirib. Cihaz sentyabrın sonunda otaqdakı televizora qoşulmuş vəziyyətdə əməkdaşlar tərəfindən aşkarlanıb. Müstəntiqlər mühəndisin şəxsi əşyaları arasında xüsusi hazırlanmış ikinci cihazın da tapıldığını bildiriblər.

“OpenAI” hadisə ilə bağlı daxili araşdırma aparıb və məsələni Federal Təhqiqat Bürosuna (FTB) təqdim edib. Şirkətin açıqlamasına görə, yoxlama zamanı mühəndisin süni intellekt modellərinin parametrləri, mənbə kodu və müştəri məlumatları kimi məxfi resursları əldə etdiyinə və ya kənara çıxardığına dair sübut aşkarlanmayıb.
İstintaq orqanları cihazların şirkətin məxfi müzakirələrini qeydə almaq məqsədilə yerləşdirildiyini iddia edirlər. Həmçinin digər məxfi sahələrdə də səsyazma avadanlıqlarının quraşdırılmasının planlaşdırıldığına dair məlumatların olduğu bildirilir. Bununla belə, hər hansı məlumatın faktiki olaraq qeydə alınması və ya ötürülməsi barədə rəsmi açıqlama verilməyib.
Hadisədən sonra “OpenAI” mühəndislə əmək münasibətlərinə xitam verib. FTB direktoru Kaş Patel isə işin şirkətin məxfi tədqiqatları ilə bağlı danışıqların gizli qeydə alınması cəhdi iddiaları ilə əlaqəli olduğunu bildirib.
Bu hadisə süni intellekt sektorunda korporativ casusluq və şirkətdaxili təhlükəsizlik risklərini yenidən gündəmə gətirib. İttihamlar sübuta yetirilərsə, Əl-Fəuzanı beş ilədək həbs cəzası gözləyə bilər. Araşdırma davam edir.

