Xalq artisti, bəstəkar Eldar Mansurov məktəblərdə vahid geyim qaydalarının tətbiqini dəstəklədiyini bildirib. O, bu fikrini öz məktəb illəri ilə bağlı xatirələri ilə əsaslandırıb.
Editor.az xəbər verir ki, bəstəkar Trend-ə açıqlamasında sovet dövründə məktəblilərin vahid formada təhsil aldıqlarını xatırladıb.
Eldar Mansurovun sözlərinə görə, məktəbli geyimi şagirdlər arasında sosial fərqlərin nəzərə çarpmamasına və bərabərlik mühitinin formalaşmasına kömək edirdi.
“Bizim heç ağlımıza da gəlməzdi ki, fərqli geyimdə məktəbə gedək”, – deyə Xalq artisti vurğulayıb.
Bəstəkar qız şagirdlərin geyiminə də toxunaraq, onun məktəb illərində qızların hicab və ya yaylıqla məktəbə gəlmədiklərini qeyd edib. O, şəxsi təcrübəsinə əsaslanaraq vahid məktəbli formasının tərəfdarı olduğunu bir daha bildirib.
Qeyd edək ki, 2026-cı il sentyabrın 21-də Baş nazir Əli Əsədov dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edib. Yeni tələblərə əsasən, müəyyən edilmiş vahid formanı pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə icazə verilmir.

