Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutuldu – Nələr müsadirə edildi?backend

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutuldu – Nələr müsadirə edildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan və kriptovalyuta aləmində “Balina” ləqəbi ilə tanınan Riçard Ceyms Şüle İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onun gizləndiyi ünvanda milyonlarla dollar nağd pul, bahalı saatlar və elektron avadanlıqlar aşkarlanıb.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin Haber7.com nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Şülenu 1,5 milyard dollarlıq fondun mənimsənilməsində ittiham edir. Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları apardıqları araşdırma nəticəsində şübhəlinin İstanbulun Beşiktaş rayonunda gizləndiyi ünvanı müəyyənləşdiriblər.

Oktyabrın 14-də İstanbul Baş Prokurorluğu, MİT, Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi və İnterpolun koordinasiyası ilə əməliyyat keçirilib. Xüsusi təyinatlı polislərin də iştirak etdiyi reyd zamanı Şüle saxlanılaraq nəzarətə götürülüb.

Gizləndiyi ünvandan nələr tapıldı?

Əməliyyat zamanı şübhəlinin yaşadığı ünvanda böyük həcmdə pul və qiymətli əşyalar aşkarlanıb. Müsadirə olunanlar arasında:

– 4 milyon dollar nağd pul;

– 53 ədəd “Rolex” və 11 ədəd “Patek Philippe” olmaqla 64 lüks saat;

– Çoxsaylı zinət əşyaları və odlu silah;

– Gizlədilmiş kompüter, kriptovalyuta mayninq cihazı və digər elektron avadanlıqlar var.

Beynəlxalq dələduzluq şəbəkəsi qurduğu iddia edilir

İstintaq materiallarına əsasən, Şülenin İstanbul mərkəzli beynəlxalq dələduzluq şəbəkəsinə rəhbərlik etdiyi ehtimal olunur. Onun ABŞ, Finlandiya və İspaniyada yerləşən ofislər vasitəsilə əməliyyatları idarə etdiyi iddia edilir.

Hazırda reyd zamanı götürülən elektron cihazlar və rəqəmsal məlumatlar araşdırılır. Şübhəli ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilir.

Qeyd edək ki, səsləndirilən ittihamlar istintaq çərçivəsində irəli sürülüb və şəxsin təqsiri məhkəmənin yekun qərarı ilə müəyyən edilməlidir.