Yaponiyalı jurnalistin Rusiyada saxlanılması Tokio ilə Moskva arasında gərginliyi artırıb. Rusiya xüsusi xidmət orqanları jurnalisti hərbi məlumatlar toplamaqda şübhəli bilir. Yaponiya hökuməti isə hadisəyə sərt reaksiya verərək Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Editor.az The New York Times-a istinadən aldığı məlumata görə, Yaponiya Xarici İşlər Nazirliyi jurnalistə qarşı rəftarın humanist, ədalətli və qərəzsiz olmasını tələb edib. Nazirlik saxlanılan Yaponiya vətəndaşı ilə bağlı Rusiyadan heç bir izahat almadıqlarını bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına əsasən, Hokkaydo adasında nəşr olunan Hokkaido Shimbun qəzetinin xarici müxbiri Saxalin adasındakı Yujno-Saxalinsk şəhərində saxlanılıb. Adı açıqlanmayan jurnalist daha sonra Moskvaya aparılıb və Lefortovo Rayon Məhkəməsinin qərarı ilə istintaq müddətində həbsdə saxlanılıb.
Rusiyanın TASS agentliyinin yaydığı məlumata görə, jurnalist Ukraynada müharibədə iştirak edən yerli hərbi çağırışçıların sayı barədə məlumat toplamaqda ittiham olunur. Bununla belə, ittihamların əsaslı olub-olmadığı barədə müstəqil təsdiqlənmiş məlumat açıqlanmayıb.
Rusiya ilə Yaponiya arasında gərginlik artır
Jurnalistin həbsi iki ölkə arasında uzun müddətdir davam edən siyasi mübahisələrin fonunda baş verib. Moskva ilə Tokio arasında əsas fikir ayrılıqlarından biri İkinci Dünya müharibəsinin son günlərində Sovet İttifaqının nəzarətinə keçən adalarla bağlıdır.
Yaponiyada Şimal əraziləri, Rusiyada isə Cənubi Kuril adaları adlandırılan əraziyə görə tərəflər arasında mübahisə 1945-ci ildən bəri davam edir. Rusiya prezidenti Vladimir Putin bu ilin avqustunda mübahisəli adalara səfər edib. Yaponiyanın Baş naziri Sanae Takaiçi həmin səfəri qəbuledilməz adlandırıb.
Putin isə sentyabrda Rusiya-Yaponiya münasibətlərinin pisləşməsinə görə Tokio hökumətini məsul tutub. Moskva Yaponiyanı müdafiə qüvvələrini gücləndirməklə hərbiləşmə siyasəti aparmaqda ittiham edir. Yaponiya tərəfi isə bu addımların Çin, Rusiya və Şimali Koreyadan qaynaqlanan təhlükələrə qarşı zəruri olduğunu bildirir.
Tokio Moskvaya qarşı hansı addımı atacaq?
Yaponiya Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə Qərbin tətbiq etdiyi sanksiyalara qoşulub. Tokio hökuməti bu ay Moskvaya bağlı olduğu bildirilən və qeyri-qanuni neft ticarətində istifadə edilən gəmilərə qarşı da yeni məhdudiyyətlər tətbiq edib.
Jurnalistin çalışdığı Hokkaido Shimbun qəzeti onun saxlanıldığını təsdiqləyib və hazırda hadisənin təfərrüatlarının araşdırıldığını bildirib. Nəşrin əsas prioritetinin müxbirin təhlükəsizliyini təmin etmək olduğu vurğulanıb.
Tokiodakı Templ Universitetinin siyasi elmlər professoru Ceyms D. C. Braun ittihamların siyasi xarakter daşıya biləcəyini bildirib. Onun fikrincə, hadisəyə real casusluq işindən daha çox siyasi təzyiq vasitəsi kimi yanaşmaq mümkündür. Bununla belə, Yaponiyanın Moskvaya qarşı hansı konkret addımları atacağı hələ bəlli deyil.
Rusiya ilə Yaponiya arasındakı münasibətlərdə enerji amili də mühüm rol oynayır. Yaponiya mayeləşdirilmiş təbii qaz idxalının təxminən 10 faizini Rusiyadan təmin edir.
Qeyd edək ki, 2023-cü ildə The Wall Street Journal qəzetinin müxbiri Evan Gerşkoviç də Rusiyada casusluq ittihamı ilə həbs edilmişdi. O və nəşr ittihamları rədd etmişdi. Gerşkoviç 2024-cü ilin avqustunda genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmışdı.
\\ Aydan Bünyatova, Editor.az

