Dünyanın ən böyük suveren sərvət fondlarından biri olan Norveçin 2 trilyon avrodan artıq aktivə malik investisiya fondu nüvə silahı istehsal edən şirkətlərə yenidən sərmayə yatıra bilər. Bunun üçün fondun mövcud etik investisiya qaydalarının dəyişdirilməsi təklif olunub.
Editor.az-ın Euronews-a istinadən aldığı məlumata görə, Norveç hökumətinin tapşırığı ilə yaradılmış komissiya yeni təklifini cümə axşamı təqdim edib. Komissiyaya Norveç Mərkəzi Bankının keçmiş rəhbəri Svein Gjedrem başçılıq edib.
Hazırkı qaydalara əsasən, nüvə silahlarının və onların komponentlərinin istehsalında iştirak edən 14 şirkət fondun investisiya portfelinə daxil edilmir. Bu şirkətlər arasında Airbus, BAE Systems, Boeing, Lockheed Martin və Safran kimi iri müdafiə sənayesi təmsilçiləri də var.
Təklif qəbul edilərsə, Norveç fondu Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən nüvə dövlətləri kimi tanınan və eyni zamanda Norveçin NATO müttəfiqi olan ölkələrdəki nüvə silahı istehsalçılarına investisiya yatıra biləcək. Bu dəyişiklik xüsusilə Böyük Britaniya, Fransa və ABŞ-ın müdafiə sənayesi şirkətlərinə sərmayə qoyulmasına imkan yarada bilər.
Komissiyanın rəhbəri Svein Gjedrem bildirib ki, təklifin qəbul olunması bir sıra Britaniya, Fransa və ABŞ silah istehsalçılarının yenidən fondun investisiya dairəsinə qaytarılması demək olacaq.
Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Jens Stoltenberg isə mövcud qaydalarla bağlı ziddiyyətə diqqət çəkib. Onun fikrincə, Rusiya nüvə silahından istifadə ilə bağlı təhdidlərini artırdığı, Çin isə nüvə arsenalını genişləndirdiyi bir vaxtda Norveçin təhlükəsizliyi üçün əhəmiyyətli ola biləcək müdafiə şirkətlərinə investisiyanın qadağan edilməsi suallar yaradır.
Bununla belə, komissiya digər etik məhdudiyyətlərin qüvvədə qalmasını təklif edir. Bioloji və kimyəvi silahlar, piyada əleyhinə minalar və kaset bombaları istehsal edən şirkətlərə, eləcə də kömür, tütün və kannabis sektorlarına investisiya qoyuluşuna dair məhdudiyyətlər dəyişməyəcək.
Hesabatda fondun etik nəzarət mexanizminin yenilənməsi də təklif olunur. Dəyişikliklərə əsasən, Etika Şurası şirkətlərin etik normaları ciddi şəkildə pozmaq riskini qiymətləndirməyə davam edəcək, lakin onların fonddan çıxarılması barədə birbaşa qərar tövsiyə etmək səlahiyyətinə malik olmayacaq.
Təkliflər yanvarın 15-dək ictimai müzakirəyə çıxarılacaq. Norveç hökumətinin yekun qiymətləndirməsini gələn yaz parlamentə təqdim etməsi gözlənilir. Bəzi siyasi qüvvələr, xüsusilə sol yönümlü partiyalar, təşəbbüsə artıq etiraz ediblər.
Dünya üzrə 7 mindən çox şirkətə investisiya yatıran Norveç fondu qlobal fond bazarlarında dövriyyədə olan səhmlərin təxminən 1,5 faizinə sahibdir. Təklif hələ yekun qərar deyil və onun qüvvəyə minməsi hökumətin qiymətləndirməsindən asılı olacaq.
\\ Aydan Bünyatova, Editor.az

