Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu yük gəmisinə dron hücumu edilib.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rüstəm Həsənov həlak olub. Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Süleymanzadə isə itkin düşüb. Onun axtarışları davam etdirilir.
Gəminin digər azərbaycanlı heyət üzvləri xilas edilib. Onlardan üç nəfər xəstəxanaya yerləşdirilib.
Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Yaralılara tibbi və konsulluq yardımının göstərilməsi, həlak olan şəxsin cənazəsinin Azərbaycana gətirilməsi üçün lazımi tədbirlər görülür.
XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların aparıldığı və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfərlərdən, həmçinin riskli marşrutlarda, xüsusilə gəmilərdə işləməkdən çəkinməyə çağırıb.

