Moskva vilayətində baş verən kütləvi dron hücumları nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Editor.az TASS-a istinadən xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov açıqlayıb.
Onun sözlərinə görə, Solneçnoqorsk rayonunun Radumlya kəndində 20 yaşlı kişi dron hücumu nəticəsində həyatını itirib.
Pokrovskoye yaşayış məntəqəsində qəlpə yaraları alan bir nəfər xəstəxanaya yerləşdirilib. İstra şəhərində isə Yadromino və Qorki şəhərlərinin iki sakini tibbi yardım üçün xəstəxanaya aparılıb. Yaralılardan birinin əməliyyat ediləcəyi bildirilib.
Domodedovo rayonunun Lyaxovo kəndində də üç nəfər xəsarət alıb. Onlara hadisə yerində tibbi yardım göstərilib.
Qubernatorun açıqlamasına əsasən, hava hücumundan müdafiə qüvvələri və elektron müharibə sistemləri Moskva vilayətinin 16 rayonunda 185 dronu zərərsizləşdirib.
Hücumlar nəticəsində bölgədə bir sıra yaşayış evlərinə və nəqliyyat vasitələrinə ziyan dəyib. İstra şəhərində 10 fərdi ev, yardımçı tikili və iki avtomobil zərər görüb. Volokolamsk rayonunda daha bir evə ziyan dəyib.
Domodedovo rayonunda fərdi evlərdən birində yanğın baş verib. Barıbinada isə bir evin dağıldığı bildirilib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, oktyabrın 5-i saat 20:30-dan oktyabrın 6-sı saat 05:00-dək Moskva istiqamətində 650 dron qeydə alınıb.
Mer bildirib ki, dronların böyük hissəsi Moskva şəhərindən kənarda məhv edilib. Onun əvvəlki açıqlamasında 105 dronun paytaxta doğru hərəkət etdiyi bildirilib. Daha sonra Moskvaya yaxınlaşan və vurulan dronların sayının 122-yə çatdığı açıqlanıb.
Dron hücumları səbəbindən Moskvanın hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.
TASS-ın Avropa İttifaqının hava nəqliyyatı dispetçer xidmətlərində çalışan mənbəyə istinadən yaydığı məlumata görə, Türkiyədən Moskvaya uçan dörd sərnişin təyyarəsi paytaxtın hava limanlarında tətbiq olunan məhdudiyyətlər səbəbindən geri dönüb.

