Azərbaycanda keçirilən “Təmiz hava” aylığı çərçivəsində avtomobillərin texniki vəziyyətinə nəzarət tədbirləri davam etdirilir.
Editor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, keçirilən yoxlamalar zamanı nəqliyyat vasitələrinin texniki sazlığı nəzarətdə saxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb ola biləcək nasazlıqların aradan qaldırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.
Bununla yanaşı, sürücülər, həmçinin sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasının ətraf mühitin və insan sağlamlığının qorunmasındakı rolu izah edilib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri avtomobillərin texniki vəziyyətinə diqqət yetirməyə və ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa çağırıb.

