Trampın İrəvana göndərdiyi sirli qadın – Rusiya nəşri izinə düşdübackend

Trampın İrəvana göndərdiyi sirli qadın – Rusiya nəşri izinə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nezavisimaya qazeta” ABŞ prezidentinin dini məsələlər üzrə müşavirinin Ermənistana səfirinin pərdəarxasınından yazır

ABŞ prezidenti Donald Trampın dini məsələlər üzrə baş müşaviri, “ruhani müəlliməsi” kimi tanınan Pola Uayt-Keynın Ermənistana səfəri Rusiyanın “Nezavisimaya qazeta”sının diqqətini çəkib.

Rusiya nəşri onun İrəvana səfərinin arxasında hansı mesajların dayana biləcəyini araşdırıb.

Pola Uayt-Keyn oktyabrın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyanın təşkil etdiyi ikinci Dua səhər yeməyində iştirak etmək üçün İrəvana gəlib. Paşinyan onun səfərini ABŞ-la Ermənistan arasında formalaşan dialoqun göstəricisi kimi təqdim edib.

Lakin səfərin ən diqqətçəkən məqamı Uayt-Keynın Ermənistanın hakimiyyəti ilə kilsə arasında qarşıdurmanın kəskinləşdiyi bir vaxtda II Qareginlə görüşməsi olub.

“Nezavisimaya qazeta”nın diqqət çəkdiyi əsas məqam da məhz budur. Paşinyan hökuməti son aylarda Erməni Apostol Kilsəsinin rəhbərliyinə qarşı sərt mövqe nümayiş etdirir, II Qaregini müxtəlif ittihamlarla hədəfə alır. Eyni zamanda parlamentdə kilsədəki vəziyyətin araşdırılması üçün istintaq komissiyası yaradılıb.

Bunun fonunda Ağ Evin dini məsələlər üzrə yüksək vəzifəli nümayəndəsinin II Qareginlə görüşməsi Paşinyanın kilsə siyasətinə Vaşinqtonun birmənalı dəstək verdiyi barədə təsəvvürü zəiflədir.

Picture background

Üstəlik, görüş sadəcə protokol xarakteri daşımayıb. Uayt-Keyn Eçmiədzində dini mərasimdə iştirak edib və daha sonra II Qareginlə dinin, mənəvi dəyərlərin və xristian irsinin rolunu müzakirə edib. Ermənistan tərəfi görüşdə ölkənin qədim xristian irsinin xüsusi vurğulandığını bildirib.

Beləliklə, İrəvanda maraqlı mənzərə yaranıb: Paşinyan ABŞ-dan gələn yüksək səviyyəli dini nümayəndənin səfərini özünün Vaşinqtonla yaxın münasibətlərinin göstəricisi kimi təqdim etməyə çalışır, həmin nümayəndə isə Paşinyanın siyasi qarşıdurmada olduğu kilsənin rəhbəri ilə ayrıca görüşür.

Rusiya nəşrinin yanaşmasına görə, bu görüş Paşinyan üçün xoşagəlməz siqnal kimi qiymətləndirilə bilər. Çünki Ermənistan hökuməti kilsəyə qarşı siyasətini həm daxildə, həm də beynəlxalq müstəvidə legitimləşdirməyə çalışdığı bir vaxtda ABŞ nümayəndəsinin II Qareginlə təmas qurması Vaşinqtonun bu qarşıdurmada İrəvan hakimiyyətinin yanında dayanmadığını göstərə bilər.

Məsələ Ermənistanın daxili siyasətindən daha geniş məna daşıyır. Paşinyan hakimiyyəti bir tərəfdən ABŞ-la strateji yaxınlaşmanı nümayiş etdirir, digər tərəfdən isə ölkənin ən mühüm milli-dini institutlarından biri ilə qarşıdurmaya gedir. Bu səbəbdən Uayt-Keynın həm Paşinyanla, həm də II Qareginlə görüşməsi ABŞ-ın Ermənistan siyasətində yalnız hökumətlə deyil, dini və ictimai institutlarla da paralel işləmək niyyətindən xəbər verə bilər.

Musavat.com