Laçın rayonunda yeni su elektrik stansiyalarının tikintisi davam etdirilir. “AzərEnerji” tərəfindən rayonda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyasının inşası həyata keçirilir.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində inşa olunan stansiyalar 4,59 meqavat gücündə “Seyidlər”, 3,16 meqavatlıq “Bülövlü” və 2,93 meqavatlıq “Qoşasu” Su Elektrik stansiyalarıdır.
Məlumata görə, hər üç stansiyada suqəbuledici qurğular artıq yaradılıb. Dağlıq və mürəkkəb relyef şəraitində suyun stansiyalara çatdırılması məqsədilə ümumilikdə 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.
Hazırda tikinti işləri son mərhələyə daxil olub. Stansiyalarda turbin və generator avadanlıqlarının quraşdırılması həyata keçirilir. Layihələrin yaxın aylarda tamamlanması planlaşdırılır.
Qeyd edək ki, son altı il ərzində “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası inşa edilərək istifadəyə verilib.
Yeni üç stansiyanın da fəaliyyətə başlaması ilə Laçında su elektrik stansiyalarının sayı 14-ə yüksələcək. Bununla yanaşı, rayonda su elektrik stansiyalarının ümumi gücü 83,3 meqavata çatacaq.
Hazırda Laçın rayonunda elektrik enerjisinə olan 8-10 meqavatlıq tələbat tamamilə su elektrik stansiyalarında istehsal edilən yaşıl enerji hesabına təmin olunur.
Rayonda istehsal olunan elektrik enerjisinin tələbatı üstələyən hissəsi isə Azərbaycanın vahid enerji sisteminə ötürülür.


