Atatürkün Türkiyəsini İrana kimlər çevirdi? – FETÖ-AKP birliyinin keçdiyi “möhtəşəm” yol
Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) ilə nurçular arasında münasibətlər son bir neçə onilliyin ən mühüm siyasi mövzularından biridir. Bu münasibətləri düzgün anlamaq üçün ötən 30-35 illik dövrə ötəri nəzərə salmaq kifayətdir. Xüsusilə, Fətullah Gülənin rəhbərlik etdiyi dini-sosial hərəkatla bugünkü AKP iqtidarının yaxınlığı, eyni siyasi platformalarda təmsil olunması o qədər də uzaq keçmişdə baş verməyib.
İttifaq necə yarandı? (2002–2010)
2002-ci ilin noyabr ayında AKP təkbaşına seçki yolu ilə hakimiyyətə gələndə Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmet hərəkatı” Türkiyənin ən təsirli dini-sosial şəbəkələrindən sayılırdı. Bu iki tərəfin yaxınlaşması həm ideoloji, həm də siyasi maraqlara əsaslanırdı. Bir zamanlar Rəcəb Tayyib Ərdoğan-Abdullah Gül ikilisi üçün Fətullah Gülən lider və hoca idi. Bunu özləri illər boyu tədbirlərdə, mitinqlərdə, seçki kampaniyalarında açıq şəkildə bəyan ediblər. Gülən Ərdoğan üçün siyasi qibləgah sayılırdı. AKP hakimiyyətinin möhkəm təməllər üzərində qurulmasında Gülən hərəkatının danılmaz rolu var. Hətta deyərdik ki, Ərdoğan və tərəfdarları Fətullah Gülən amilini iqtidara gəlmək və möhkəmlənmək üçün illərlə istismar etdi. Bundan məharətlə yararlandılar. Gülən mühacirətdə olduğu dövrlərdə AKP yetkililəri duyğusal çıxışlar edirdilər, “bu hasret bir an önce bitsin artıq istiyoruz” deyib, göz yaşı axıdırdılar. Bunu əks etdirən onlarla video hələ də sosial şəbəkələrdə, internet resurslarında qalır.
AKP ilə nurçuların əməkdaşlığın əsas istiqamətləri
– Ortaq siyasi maraqlar: hər iki tərəf Türkiyədə ordunun və dünyəvi-kemalist elitanın siyasi təsirinin azaldılmasında maraqlı idi.
– Təhsil və sosial şəbəkələr: Gülən hərəkatı məktəblər, hazırlıq kursları, media və sahibkarlar vasitəsilə geniş əlaqələr qurmuşdu.
– Dövlət institutlarında təsir: Gülənə yaxın şəxslərin polis, prokurorluq, məhkəmə və bürokratiyada mövcudluğu barədə çoxsaylı araşdırmalar dərc olunub.
– Qarşılıqlı siyasi fayda: AKP seçki yolu ilə hakimiyyəti möhkəmləndirirdi, Gülən hərəkatı isə hökumətlə yaxınlıqdan daha əlverişli fəaliyyət mühiti əldə edirdi.
Bu ittifaqı yalnız dini həmrəyliklə izah etmək düzgün olmaz. Akademik tədqiqatlarda o, əsasən qarşılıqlı maraqlara söykənən taktiki ittifaq kimi qiymətləndirilir. Hər iki tərəf bu ittifaqdan gen-bol qrup və şəxsi maraqlar üçün istifadə etdi.
Ergenekon və Bayloz məhkəmə şouları
Ərdoğan hakimiyyəti bu gün Fetullahçı Terror Örgütü – FETÖ adlandırdığı nurçu şəbəkə ilə birlikdə ordudakı milli-Atatürkçü elitanı repressilayara məruz qoydu. Ergenekon və Balyoz məhkəmə prosesləri (2008–2012) ləyaqətli türk hərbçilərini – polkovnikləri, generalları, admiralları – bir sözlə, Türkiyə Ordusunun sütunu sayılan vətənpərvər, dünyəvi görüşlü şəxsləri müxtəlif bəhanələrə həbs etdi, sistemdən qovdu. FETÖ bu proseslə Türkiyə Silahlı Qüvvələrini ələ keçirdi. Bu imkanı yaradan isə AKP iqtidarı, onun liderləri idi. Çünki o vaxtlar AK partiya ilə nurçu-FETÖ şəbəkəsi sarmaş-dolaş idilər.
2013-cü ildə şok əməliyyat
Ərdoğanla nurçu elitanın arası 2013-cü ildən başlayaraq daha açıq şəkildə dəydi. Münasibətlər o həddə kəskinləşdi ki, Fətulla Gülənin hakimiyyətdəki şəbəkəsi Ərdoğana və ailəsinə qarşı əməliyyat keçirdi. Xeyli adam – biznesmen, hakim, prokuror, dövlət məmuru həbsə atıldı. Dövlətdən oğurlanan milyonlarla dollar AKP yertkililərinə məxsus şəxsi evlərdən, ofislərdən müsadirə edilərək götürüldü.
Bu hadisədən sonra AKP-FETÖ işbirliyi qopmağa başladı. Amma Türkiyə ictimaiyyəti din adı ilə hakimiyyət olimpinə dırmaşmağı bacarmış hər iki qüvvənin gerçək mahiyyətini anladı. Xalq bunların əsas hədəfinin ölkəni xilas etmək, dini dəyərləri qorumaq, dövləti gücləndirmək yox, ciblərini doldurmaq olduğunu bildi.
Hərbi qiyam fiaskosu və şəriksiz hakimiyyət
Növbəti böhran və tam qopma isə 2016-cı ilin iyul ayının 16-da hərbi çevrilişə cəhddən sonra baş verdi. Nurçuların hərbi qiyamla hakimiyyəti ələ keçirmək cəhdi fiasko ilə bitdi (bəzi iddialara görə qiyam cəhdi əslində AKP iqtidarının hazırladığı ssenari olub). Bu, Ərdoğana Türkiyədə dövləti, hakimiyyəti tam nəzarətə keçirmək, iqtidara şəriksiz sahiblənmək imkanı yaratdı.
Son 10 ildə AKP iqtidarı Türkiyəni iflasın içinə atıb. Sosial-iqtisadi vəziyyət dözülməz həddə çatıb. Türkiyədə xalqın güzəranı son onlliklərdə bu qədər pisləşməyib. Bu bizim şəxsi mövqeyimiz deyil – Türkiyədə rəsmi açıqlamalarda öz əksini tapır. İqtisadi böhranı ört-basdır etməyin yolunu AKP iqtidarı dini amili qabartmaqda görür. Türkiyədə kütləvi şəkildə dinçi təbəqə yaradılır, toplum cahilləşdirilir. Paraleldə təhsil zəiflədilir, dünyəvilik aradan qaldırılır. Mustafa Kamal Atatürkün qurduğu dövləti dəyişib, İranlaşdırırlar.
AKP din komissarı rolunda
Bu gün o cahil təbəqədən və yalançı din amilindən Azərbaycana qarşı istifadə edir AKP. Azərbaycanın daxili işlərinə müdaxilə edilməklə bərabər, ölkəmizi hədələyirlər. Ərdoğanın sözçüsü Saralın Azərvbaycan əlıeyhinə açıqlamasından sonra Ankaradakı diplomatik nümayəndəliyimizin qarşısında Türkiyənin “Köklü Değişim” platformasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. Bu təşkilatda toplaşan radikal dinçilər Azərbaycanı və onun prezidentini hədələməkdən, təhqir etməkdən çəkinməyib. Bütün bunlar isə deməyə əsas verir ki, Ərdfoğan hakimiyyəti özünü regionun din komissarı kimi aparmağa həvəslənib. Yoxsa bir ölkədə hicabla bağlı hökumətin qərarına niyə bu şəkildə burunlarını soxsunlar?..
Moderator.az

