Azərbaycanəsilli rusiyalı reper Nəvai Bəkirovun, səhnə adı ilə Navainin, Qazaxıstanda həbsdən girov qarşılığında azadlığa buraxılması ehtimalı var.
Editor.az-ın məlumatına görə, bu barədə “SHOT” Telegram kanalı xəbər yayıb. Məlumatda bildirilir ki, sənətçinin vəkili girovun 2,1 milyon təngə, yəni təxminən 7 800 manat olduğunu açıqlayıb.
Hazırda müdafiə tərəfi reper barəsində seçilmiş qətimkan tədbirinin girovla əvəzlənməsinə çalışır. Bununla bağlı son qərarı məhkəmə verəcək. Apellyasiya şikayətinə isə növbəti həftə ərzində baxılması gözlənilir.
Məlumata əsasən, Qazaxıstan qanunvericiliyi ev dustaqlığı, girov və ölkəni tərk etməmək barədə iltizam kimi alternativ qətimkan tədbirlərini nəzərdə tutur. Buna baxmayaraq, məhkəmə Navainin dekabrın 14-dək həbsdə saxlanılması barədə qərar qəbul edib.
Xatırladaq ki, oktyabrın 14-də reper Qazaxıstana daxil olarkən olduğu avtomobildə hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddə aşkar ediblər. Bundan sonra Bəkirov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda onun girov müqabilində azadlığa buraxılıb-buraxılmayacağı məhkəmənin qərarından asılıdır.

