TƏBİB-dən təcili tibbi yardımla bağlı yeni addım: Süni intellekt işə düşürbackend

TƏBİB-dən təcili tibbi yardımla bağlı yeni addım: Süni intellekt işə düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təcili tibbi yardım xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində yeni addımlar atılır. Süni intellekt və naviqasiya texnologiyalarından istifadə etməklə briqadaların çağırış ünvanlarına daha sürətli çatması hədəflənir.

Editor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, süni intellekt əsaslı analitik alətlər vasitəsilə təcili tibbi yardım çağırışlarının ərazilər üzrə sayı və intensivliyi, eləcə də əhalinin sıxlığı təhlil olunur. Əldə edilən nəticələr əsasında briqadaların daha uyğun ərazilərdə yerləşdirilməsi, mövcud imkanlardan səmərəli istifadə edilməsi, yeni briqada və məntəqələrin yaradılması istiqamətində işlərə başlanılıb.

Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin sürücülərinin naviqasiya sisteminə malik mobil cihazlarla təmin edilməsi planlaşdırılır. Yeni sistem vasitəsilə çağırış ünvanları avtomatik olaraq naviqasiyaya ötürüləcək, sürücülər üçün ən əlverişli marşrut müəyyənləşdiriləcək.

Bu yeniliyin təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına kömək edəcəyi gözlənilir.

TƏBİB, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün xarici ekspertlərin cəlb olunmasını, eləcə də yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsini nəzərdə tutur.