Qara dənizdə ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumların intensivləşməsi Bolqarıstanı müdafiə tədbirlərini gücləndirmək üçün NATO-ya müraciət etməyə vadar edib. Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ölkəsinin hərbi imkanlarının artırılması məqsədilə Alyansdan dəstək istədiklərini açıqlayıb.
Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, nazirin sözlərinə görə, NATO-nun baş katibi Mark Rütte və Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) Aleksus Qrinkevişə müvafiq müraciət ünvanlanıb.
Stoyanov Qara dənizdə hücumların getdikcə artdığını vurğulayaraq, Rumıniyanın ərazi sularına qarşı qeydə alınan hücumların regiondakı təhlükəsizlik vəziyyətinin ciddiliyini göstərdiyini bildirib. O, Bolqarıstan ordusunun modernləşdirilməsinin və müdafiə potensialının gücləndirilməsinin zəruriliyini qeyd edib.
Bolqarıstan NATO-dan hava vasitələri, raket sistemləri, pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələri və hava patrullarının təşkili üzrə yardım istəyib. Bununla belə, tələb olunan dəstəyin konkret həcmi və forması hələ müəyyənləşdirilməyib.
Stoyanov Rumıniya və Baltikyanı ölkələrin də oxşar təhlükəsizlik ehtiyacları ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Avropalı tərəfdaşların diqqəti getdikcə Qara dəniz bölgəsinə yönəlir.
Bolqarıstanın müdafiə naziri təhlükəsizlik imkanlarının artırılması üçün operativ qərarların qəbul ediləcəyinə ümid etdiyini deyib. O, Bolqarıstan, Türkiyə və Rumıniyanın birgə fəaliyyət strategiyası hazırlamasının vacibliyini də vurğulayıb.
Nazir ölkəsinin müşahidə və müdaxilə üçün mövcud imkanlardan istifadə etdiyini qeyd edib. Bildirilib ki, Bolqarıstan özünün ərazi sularına nəzarət etmək üçün iki kəşfiyyat sisteminə malikdir. Üçüncü sistemin isə ilin sonunadək yerləşdirilməsi gözlənilir.
“Chelsea 3” gəmisinin yedəyə alınması gözlənilir
Stoyanov Qara dənizdə hücuma məruz qalan “Chelsea 3” adlı gəminin Burqas şəhərinə bağlı Lozenets kəndindən təxminən 10 kilometr şərqdə lövbər saldığını açıqlayıb.
Gəminin təhlükəsiz əraziyə çəkilməsi üçün əvvəlki gün başladılan əməliyyat əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb. Nazir hava şəraiti yaxşılaşdıqdan sonra xilasetmə və yedəyəalma əməliyyatının yenidən həyata keçirilməsinin gözlənildiyini bildirib.
\\ Aydan Bünyatova, Editor.az

