Özəl klinikalarda MÜHÜM dəyişiklik – Vəkil XƏBƏRDARLIQ edirbackend

Özəl klinikalarda MÜHÜM dəyişiklik – Vəkil XƏBƏRDARLIQ edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özəl klinikaların akkreditasiyadan keçirilməsi tibbi xidmətlərin keyfiyyətinə nəzarət və pasiyentlərin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu prosesin nəticələri yalnız sənədlərdə və hesabatlarda deyil, vətəndaşın aldığı tibbi xidmətdə də özünü göstərməlidir.

Akkreditasiya klinikalardakı çatışmazlıqların aradan qaldırılmasına, tibbi xidmətlərin təhlükəsizliyinin artırılmasına nə dərəcədə təsir edəcək? Tələblərə cavab verməyən müəssisələri hansı tədbirlər gözləyir və pasiyentlər klinika seçərkən öz hüquqlarını necə qorumalıdırlar?

5 hərfli adında 3 səhv buraxanlar vəkil oldu” – İmtahan qalmaqalı məhkəmədə  davam edir

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, tibb müəssisələrinin fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi əhalinin sağlamlığının qorunması baxımından vacibdir. Onun sözlərinə görə, son dövrlər tibb müəssisələrinin fəaliyyəti ilə bağlı həm mediada və sosial şəbəkələrdə, həm də dövlət qurumlarına çoxsaylı müraciətlər edilir. Bu sahədə nəzarətin təmin olunması dövlətin mühüm vəzifələrindən biridir: “Əhalinin sağlamlığının qorunması dövlətin konstitusion öhdəliklərindən biridir. Dövlət tibb sahəsini tənzimləyən qanunvericilik bazasını formalaşdırmalı, tibb müəssisələrinin fəaliyyətinə icazə verilməsi və onların qanunvericiliyin tələblərinə uyğun işləməsinə nəzarət etməlidir. Verilmiş lisenziyalarla yanaşı, müəssisələrin faktiki fəaliyyəti də mütəmadi yoxlanılmalıdır.

Çünki tibb sahəsində yol verilən hər hansı pozuntu ağır nəticələrə, insanların sağlamlığını itirməsinə, əlilliyə, hətta ölüm hallarına səbəb ola bilər. Bu, ilk növbədə, insan həyatı və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, dövlətin üzərinə əlavə maliyyə yükü də qoyur. Bu baxımdan tibb müəssisələrinin fəaliyyətinin yoxlanılması və akkreditasiyadan keçirilməsi onların mövcud vəziyyətinin, xidmət keyfiyyətinin və müəyyən edilmiş tələblərə uyğunluğunun yenidən qiymətləndirilməsi deməkdir. Ümid edirik ki, bu proses zamanı hər hansı qeyri-prosessual hallara yol verilməyəcək, dövlət qurumları ilə özəl tibb müəssisələri arasında münasibətlər qanunvericiliyin tələblərinə uyğun qurulacaq”.

Vəkil qeyd edib ki, akkreditasiyanın əsas məqsədi nöqsanları üzə çıxarmaq və onların aradan qaldırılmasına nail olmaq olmalıdır: “Əgər tibb müəssisəsində çatışmazlıqlar aşkar edilərsə, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməli, mümkün olduğu hallarda həmin nöqsanların aradan qaldırılması üçün müddət verilməlidir. Müəssisə müəyyən edilmiş çatışmazlıqları aradan qaldırdıqdan sonra fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmalıdır. Təbii ki, ciddi pozuntular və qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda müvafiq məhdudlaşdırıcı tədbirlər də tətbiq edilə bilər.

Pasiyentlər klinika seçərkən də bir sıra mühüm məqamlara diqqət yetirməlidirlər. İlk növbədə tibb müəssisəsinin müvafiq lisenziyasının olub-olmadığını və həmin lisenziyanın göstərilən tibbi xidmət növünü əhatə edib-etmədiyini yoxlamaq lazımdır. Bundan başqa, xidmət haqqı ödənilərkən pul müəssisənin kassasına və ya rəsmi ödəniş kanalına köçürülməli, ödənişi təsdiq edən çek və ya digər sənəd alınmalıdır. Cərrahi əməliyyat və tibbi prosedurlar zamanı sənədləşməyə xüsusi diqqət yetirilməlidir. Pasiyent göstəriləcək xidmətlə bağlı müqavilə tələb etməli, prosedurun mahiyyəti, mümkün risklər, xərclər və digər vacib şərtlər barədə ətraflı məlumat almalıdır. Bu sənədlər həm pasiyentin hüquqlarının qorunması, həm də gələcəkdə hər hansı mübahisə yaranarsa, vəziyyətin hüquqi baxımdan qiymətləndirilməsi üçün əhəmiyyətlidir”.