Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər kompensasiya veriləcək?backend

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər kompensasiya veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi planlaşdırılır. Söküntüdən sonra bəzi ərazilərdə yeni yaşayış binalarının tikilməsi, parkların salınması və infrastrukturun yenilənməsi nəzərdə tutulur.

Editor.az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, söküntü işlərinin Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrində aparılması nəzərdə tutulur.

Qeyd olunub ki, aidiyyəti qurumlar tərəfindən binaların texniki vəziyyəti araşdırılıb və onların qəzalı olduğu barədə müvafiq aktlar hazırlanıb. Həmin binalarda yaşamağın sakinlərin təhlükəsizliyi üçün risk yaratdığı bildirilir.

Layihə çərçivəsində bəzi ərazilərdə abadlıq işlərinin görülməsi, yeni parkların salınması və yolların yaxşılaşdırılması planlaşdırılır. İnvestisiya layihələrinin həyata keçiriləcəyi sahələrdə isə köhnə tikililərin yerində yeni yaşayış binaları inşa ediləcək.

Sakinlərə hansı kompensasiya veriləcək?

Vüqar Oruc bildirib ki, tikinti müddətində sakinlərin kirayə xərclərinin qarşılanması üçün kompensasiya ödənilməsi nəzərdə tutulur. Yeni binalar hazır olduqdan sonra isə sakinlərə həmin binalarda mənzillər veriləcək.

İlkin qiymətləndirmələrə əsasən, bəzi ərazilərdə kompensasiyanın hər kvadratmetr üçün təxminən 2 000–3 000 manat təşkil edə biləcəyi gözlənilir. Daha az mərkəzi ərazilərdə və yeni yaşayış binasının tikintisi üçün əlverişli sayılmayan sahələrdə məbləğin 2 000–2 500 manat arasında dəyişəcəyi bildirilir.

Bununla belə, kompensasiyanın dəqiq məbləği hər bir ünvan üzrə aparılacaq qiymətləndirmədən və layihənin şərtlərindən asılı olacaq.

AQC sədri, həmçinin Nəsimi rayonunun Mirəli Qaşqay küçəsi, 34 ünvanında yerləşən və 50-dən çox ailənin yaşadığı məcburi köçkünlərə aid evlər barədə məlumat verib. Həmin ərazi üzrə sənədləşmə və inventarizasiya işlərinə başlanıldığı qeyd olunub.