Xaricdə yaşamaq, daha təhlükəsiz mühitdə həyat qurmaq və yüksək həyat keyfiyyətindən yararlanmaq istəyənlər üçün yeni beynəlxalq reytinq hazırlanıb. Siyahıda Avropa ölkələri üstünlük təşkil edib, ilk pillədə isə Monako qərarlaşıb.
Editor.az xəbər verir ki, Nomad Capitalist tərəfindən hazırlanan Nomad Lifestyle Index reytinqində ümumilikdə 63 ölkə və ərazi beş əsas meyar üzrə qiymətləndirilib. Bunlara təbiət və iqlim, vergilər, yaşayış icazəsi və ölkəyə giriş imkanları, təhlükəsizlik və azadlıqlar, eləcə də həyat keyfiyyəti və infrastruktur daxildir.
Qiymətləndirmə zamanı havanın keyfiyyəti, ekstremal hava hadisələrinin riski, vətəndaşlıq əldə etmək imkanları, yaşayış xərcləri, gözlənilən ömür uzunluğu və internet sürəti kimi göstəricilər də nəzərə alınıb.
Monako birinci, Andorra ikinci yerdə
Reytinqin lideri Monako olub. Bu ölkə həyat keyfiyyəti və infrastruktur göstəriciləri üzrə mümkün 100 baldan maksimum nəticə əldə edib. Təhlükəsizlik və azadlıqlar sahəsində də yüksək qiymətləndirilib.
İkinci yerdə qərarlaşan Andorra təhlükəsizlik və azadlıqlar meyarında lider olub. Ölkə Avropanın reytinqə daxil edilən əraziləri arasında ən təmiz havaya malik olması ilə də seçilib. Bununla belə, vətəndaşlıq əldə etmək üçün 20 il yaşamaq və dil, tarix imtahanlarından keçmək tələbi onun birinci yerə yüksəlməsinə mane olub.
Birləşmiş Ərəb Əmirlikləri 73,15 balla üçüncü, Malta 72,11 balla dördüncü, Portuqaliya isə 70,09 balla beşinci yeri tutub.
Kipr altıncı, Sinqapur yeddinci, Kayman adaları səkkizinci, Yeni Zelandiya doqquzuncu, İsveçrə isə onuncu olub.
Reytinqdə hansı ölkələr öndədir?
İlk üçlüyə daxil olan Monako, Andorra və Birləşmiş Ərəb Əmirlikləri arasında cəmi 0,74 bal fərq qeydə alınıb.
Malta güclü pasportu və beş il ərzində naturalizasiya imkanları ilə seçilib. Portuqaliya təhlükəsizlik, yaşayış icazəsi və vergi göstəricilərinə görə yüksək nəticə göstərsə də, iqlim dəyişiklikləri ilə əlaqəli ekstremal hava riskləri onun mövqeyinə təsir edib.
Kipr yaşayış və vətəndaşlıq imkanları üzrə yüksək qiymətləndirilib, lakin həyat keyfiyyəti, infrastruktur və havanın keyfiyyəti göstəriciləri ümumi nəticəsini aşağı salıb. İlk onluqda yer alan İsveçrə isə təhlükəsizlik və azadlıqlar sahəsində uğurlu nəticə göstərib.
Yaşamaq üçün ən yaxşı 10 ölkə və ərazi:
- Monako — 73,89 bal
- Andorra — 73,68 bal
- Birləşmiş Ərəb Əmirlikləri — 73,15 bal
- Malta — 72,11 bal
- Portuqaliya — 70,09 bal
- Kipr — 68,42 bal
- Sinqapur — 67,12 bal
- Kayman adaları — 66,50 bal
- Yeni Zelandiya — 66,43 bal
- İsveçrə — 65,44 bal
Qeyd edək ki, bu reytinq ölkələrin ümumi həyat keyfiyyəti, təhlükəsizlik, vergi sistemi və yaşayış imkanları üzrə müqayisəsinə əsaslanır. Siyahıda yüksək mövqe tutmaq hər kəs üçün həmin ölkədə yaşamağın daha ucuz və ya daha asan olması demək deyil.
\\ Aydan Bünyatova, Editor.az

