İqtisadi inkişafın davamlı xarakter alması, əhalinin gəlir imkanlarının genişlənməsi və əmək bazarında sabitliyin təmin olunması yeni iş yerlərinin yaradılmasını aktual məsələlərdən birinə çevirir. Bu prosesdə dövlətin həyata keçirdiyi iqtisadi siyasət, investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafına göstərilən dəstək mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, özəl sektorun istehsal və xidmət sahələrinə investisiya yatırması, fəaliyyətini genişləndirməsi və yeni məşğulluq imkanları yaratması əmək bazarının inkişafında xüsusi rol oynayır. Azərbaycanda son illər məşğulluq sahəsində müşahidə olunan dəyişikliklər fonunda dövlət və özəl sektor arasında məsuliyyət bölgüsü, eləcə də qeyri-leqal məşğulluğun azaldılması məsələləri diqqət mərkəzində qalır.
Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, son illərdə əmək müqaviləsi ilə özəl sektorda çalışan vətəndaşlarımızın sayı dövlət sektorunda çalışanların sayı ilə müqayisədə daha sürətlə artır.
“Hazırda rəsmi statistikaya əsasən, özəl sektorda 942 min, dövlət sektorunda isə 832 min vətəndaşımız əmək müqaviləsi ilə çalışır. Bu da onu göstərir ki, əvvəlki illərdə məşğulluqda dövlət sektorunun xüsusi payı olsa da, artıq özəl sektor daha böyük paya malikdir. Təbii ki, bu, özəl sektorun məşğulluqdakı payının artdığından xəbər verir.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrin məşğulluq siyasəti göstərir ki, dövlətin əsas funksiyası məşğulluğu dəstəkləyən mexanizmlərin tətbiqi, o cümlədən investisiya mühitinin yaxşılaşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Daha çox və dayanıqlı iş yerlərinin yaradılması isə birbaşa özəl sektorun fəaliyyəti ilə əlaqədardır. Bu baxımdan, mövcud təşviq mexanizmləri və stimullaşdırıcı tədbirlər fonunda özəl sektorun yeni iş yerlərinin yaradılmasındakı rolunun artırılması vacibdir.
Bu istiqamətdə statistik göstəricilərdə müəyyən müsbət nəticələri və yeni iş yerlərinin yaradılmasını müşahidə edirik. Lakin prosesin daha dayanıqlı olması üçün özəl sektor tərəfindən daha çox iş yerinin yaradılması vacibdir. Çünki məşğul əhali ilə əmək müqaviləsi əsasında çalışanların nisbətinə diqqət yetirdikdə, qeyri-leqal məşğulluğun hələ də məşğulluq siyasətinin əsas çağırışlarından biri olduğu görünür. Bunun minimuma endirilməsi üçün özəl sektorun bu prosesdə daha fəal iştirakına ehtiyac var. Özəl sektorun daha çox iş yeri yaratmaq imkanları genişdir. Bu isə bütövlükdə məşğulluğun daha dayanıqlı olmasına töhfə verə bilər”.
//Gülnarə Abasova, Editor.az

