Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının bir sıra hərbi və strateji obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Editor.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat yayıb.
Onun sözlərinə görə, husilərin silahlı qüvvələri Səudiyyə Ərəbistanının Əl-Cəvf və Mərib əyalətlərində yerləşən hərbi mövqelərə hücumlar həyata keçirib. Nəticədə Səudiyyə qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğu və bir sıra hərbi texnikanın yandırıldığı iddia edilir.
Sariya həmçinin bildirib ki, husilər Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində hava limanları, hərbi bazalar və neft obyektlərini də hədəfə alıblar.
Hücumların ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi bildirilib. Hədəflər arasında Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanı, Məkkə bölgəsindəki Rabiğ şəhərində “Aramco”ya məxsus neft emalı zavodu, həmçinin Əsir bölgəsindəki Abha hava limanı və Xamis-Muşayt hərbi bazası yer alıb.
Husilər Nəcran və Cazan bölgələrində yerləşən digər obyektlərin də hücuma məruz qaldığını açıqlayıblar.
Yəhya Sariya bu hücumların Səudiyyə Ərəbistanının son 24 saat ərzində Yəmənin Səna şəhəri və Əl-Cövf, Taiz, Həccə, Səədə və Mərib əyalətlərinə endirdiyi zərbələrə cavab olduğunu bildirib.
Husilərin açıqlamasına görə, həyata keçirilən əməliyyatlar nəticəsində Səudiyyə qüvvələrinin bəzi bölmələri Taiz əyalətindəki mövqelərini tərk etmək məcburiyyətində qalıb.

