Oktyabrın 7-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında isə gecə və səhər saatlarında yağışın intensivləşəcəyi proqnozlaşdırılır.
Editor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-dan 7-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında yağışın güclənəcəyi ehtimal olunur.
Bəzi ərazilərdə yağıntının qısa müddət ərzində güclü olacağı bildirilir. Günün ikinci yarısında isə yağışın tədricən dayanacağı gözlənilir.
Küləyin istiqaməti də dəyişəcək. Səhər saatlarında cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəzlənəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-17°, gündüz isə 18-22° isti olacaq. Atmosfer təzyiqinin 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcəyi gözlənilir. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli və intensiv olacağı ehtimal edilir.
Bəzi rayonlarda şimşək çaxacağı və dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Xüsusilə gecə və səhər saatlarında ölkənin bəzi şərq rayonlarında yağıntıların daha da güclənəcəyi bildirilir.
Axşam saatlarından etibarən yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə olunacaq.
Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 20-25° isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə temperaturu 2-7° isti, gündüz isə 13-18° isti olacaq.

