Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində ölən və xəsarət alanlar var.
Editor.az xəbər verir ki, hadisə Qaradağ qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə yol qəzası zamanı bir neçə şəxsin avtomobildə sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları göndərilib.
Əraziyə baxış zamanı “Mercedes Atego” markalı yük avtomobilinin dəmir maneələrə çırpılaraq qəzaya uğradığı müəyyənləşdirilib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb və içəridə olan şəxslər sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə avtomobildə sıxılı qalan şəxsləri çıxarıblar. Dörd nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Daha bir nəfər isə sağ vəziyyətdə xilas edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə bu gün saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində baş verib.
İlkin məlumata əsasən, “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılıb və daha sonra aşıb.
DİN hadisə zamanı 3 nəfərin öldüyünü, 2 nəfərin isə xəsarət aldığını bildirib.
Hadisənin dəqiq səbəbləri araşdırılır.

